Çin Yaponiyaya səfər barədə xəbərdarlığını yenilədi
Çin hökuməti Yaponiyaya səfər edən və orada yaşayan vətəndaşlarını təhlükəsizliklə bağlı daha diqqətli olmağa çağırıb. Tokiodakı Çin səfirliyi çinli vətəndaşlara qarşı fiziki zorakılıq və təhqir hallarının son günlər artdığını bildirərək yenidən səfər xəbərdarlığı yayıb.
Səfirliyin sosial şəbəkələrdə paylaşdığı açıqlamada son günlər bir neçə çinli vətəndaşın “əsassız təhqir və fiziki hücuma” məruz qaldığını, bəzilərinin xəsarət aldığını qeyd edib. Səfirlik Yaponiyada yaşayan çinlilərə təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyə edib.
Yaponiyada zorakılıq hallarında artım iddiası
Açıqlamada rəsmi məlumatlara əsasən Yaponiyada son illərdə zorakı cinayətlərin artdığı qeyd edilib. Bu səbəbdən səfirlik çinli vətəndaşların gündəlik hərəkətlərində daha ehtiyatlı davranmasını məsləhət görüb.
Bu xəbərdarlıq Çinin 14 noyabr tarixində verdiyi əvvəlki çağırışın ardınca gəlib. Həmin çağırış Yaponiya ilə Çin arasında son illərin ən gərgin diplomatik böhranı fonunda edilmişdi.
Gərginlik Tayvan açıqlaması ilə yüksəldi
Diplomatik gərginlik Yaponiya baş naziri Sanaye Takaiçinin Tayvanla bağlı açıqlamaları ilə kəskinləşmişdi. O bildirmişdi ki, “Çinin Tayvana mümkün hücumu Yaponiyanın varlığını təhdid edə və hərbi cavab doğura bilər.”
Çin hökuməti bu açıqlamaları ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirərək sərt reaksiya vermişdi. Son hadisələr isə iki ölkə arasında gərginliyin daha da artdığını göstərir.
