Tehran–Ər-Riyad münasibətlərinə dair üçüncü üçtərəfli görüş
İran, Çin və Səudiyyə Ərəbistanı arasında keçirilən Üçtərəfli Komitənin üçüncü iclası başa çatıb. Görüşdə Pekin Tehranla Ər-Riyad arasında münasibətlərin daha da genişlənməsinə dəstəyini yenidən bəyan edib. İclas çərşənbə axşamı Tehranda, İranın Xarici İşlər Nazirliyində təşkil olunub və ona İranın xarici işlər nazirinin müavini Məcidd Təxt-Rəvancı sədrlik edib. Toplantıda Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Valid əl-Xəraxici və Çinin xarici işlər nazirinin müavini Miao Deo iştirak ediblər.
Görüşün sonunda tərəflər əsas öhdəlikləri və əldə olunmuş irəliləyişləri əks etdirən birgə bəyanata imza atıblar.
“Pekin Sazişi”nə sadiqlik təsdiqləndi
Birgə bəyanatda İran və Səudiyyə Ərəbistanı 2023-cü ildə Çinin vasitəçiliyi ilə əldə olunan və diplomatik münasibətlərin bərpasını təmin edən Pekin Sazişinin bütün bəndlərinə sadiq qaldıqlarını yenidən vurğulayıblar. Tərəflər BMT Nizamnaməsi, İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında dövlət suverenliyi, ərazi bütövlüyü, müstəqillik və təhlükəsizliyə hörmətin vacibliyini xüsusi qeyd ediblər.
Bəyanatda Çinin dialoqun möhkəmləndirilməsi və razılaşmanın icrasına nəzarətdə “ardıcıl və müsbət roluna” görə təşəkkür ifadə olunub.
Çin əməkdaşlığın dərinləşdirilməsinə hazırdır
Pekin tərəfi Tehranın və Ər-Riyadın siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində atacağı addımları dəstəkləməyə hazır olduğunu bildirib. Üçtərəfli sənəddə konsul koordinasiyası sahəsində əldə olunan irəliləyişlər də qeyd edilib. Bu çərçivədə 2025-ci ildə 85 mindən çox iranlı Həcc zəvərinin və 210 mindən artıq Ümrə zəvərinin təhlükəsiz səfəri təmin olunub.
Eyni zamanda, İran və Səudiyyə Ərəbistanı arasında tədqiqat mərkəzləri, akademik qurumlar, media strukturları və mədəniyyət müəssisələri arasında artan əlaqələr məmnunluqla qarşılanıb.
Qərbi Asiya məsələləri və dayandırılması tələb olunan əməliyyatlar
Görüş iştirakçıları Fələstində, Livanda və Suriyada İsrailin hərbi əməliyyatlarının dərhal dayandırılması çağırışını səsləndiriblər. Həmçinin İranın suverenliyinin pozulması faktları pislənib.
İranın nümayəndəsi iclasda Səudiyyə Ərəbistanı və Çinin iyun ayında İsrailin Tehrana qarşı həyata keçirdiyi hücum zamanı göstərdiyi qəti dəstəyə görə minnətdarlığını ifadə edib.
Yəmən üzrə siyasi həllə dəstək
Bütün tərəflər BMT-nin himayəsi altında Yəmən böhranının hərtərəfli siyasi həllinə dəstək verdiklərini bir daha qeyd ediblər.
İran və Səudiyyə Ərəbistanı 2023-cü ilin martında Çin vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra yeddi illik fasilədən sonra diplomatik münasibətləri bərpa etmişdi. Üçtərəfli komitənin əvvəlki iclasları Pekində və Ər-Riyada keçirilib və tərəflər həmin görüşlərdə suverenliyə hörmət, daxili işlərə qarışmama və regional dialoqun inkişafına dair öhdəliklərini təkrarlamışdılar.
