Çin ABŞ-ın Tayvana 330 milyon dollarlıq hərbi satışına sərt reaksiya verdi
Çin ABŞ-ın Tayvana ümumi dəyəri 330 milyon dollar olan savaş təyyarəsi hissələri və texniki xidmət paketi satışına kəskin etiraz edib. Pekin açıqlamasında bu addımın “Tək Çin” prinsipini pozduğunu, iki ölkə arasında imzalanmış “Üç Birgə Bəyanat”a zidd olduğunu bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Sien Pekində keçirilən mətbuat konfransında məsələ ilə bağlı sualları cavablandırıb. O, ABŞ-ın Tayvana hərbi dəstəyinin Çin-ABŞ münasibətlərinin “keçilməz qırmızı xətti”ni pozduğunu vurğulayıb.
Pekin: Müstəqilliyimizi qorumaq üçün lazım olanı edəcəyik
Lin Sien ABŞ-a çağırış edərək Tayvan məsələsinə dair verdiyi öhdəliklərə sadiq qalmağa, separatçı qrupların “silahlanma yolu ilə müstəqillik” axtarışlarına dəstək verməməyə səsləyib.
O bildirib:
“Çin öz suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün lazım olan bütün tədbirləri görəcək.”
Çin tərəfi Tayvana silah satışının yalnız gərginliyi artırdığını, bölgədə sabitliyi pozduğunu və ABŞ-ın məsuliyyətsiz davranışının regional təhlükəsizliyə əlavə risk yaratdığını qeyd edib.
ABŞ-ın satış paketi: F-16, C-130 və IDF təyyarələri üçün hissələr
ABŞ Müdafiə Nazirliyi dünən açıqlayıb ki, paketə F-16 döyüş təyyarələri, C-130 Hercules yük təyyarələri və çoxfunksiyalı IDF qırıcıları üçün standart olmayan təchizat, ehtiyat hissələri, təmir komponentləri, sarf materialları və xidmətlər daxildir.
Bu satış ABŞ Prezidenti Donald Trampın ikinci dönəmində Tayvana təsdiqlənən ilk hərbi paket olub.
Tayvan məsələsi: davam edən geosiyasi qarşıdurma
1949-cu ildə başlayan Çin daxili müharibəsindən sonra Tayvan fiili olaraq müstəqil idarə olunur. Pekin isə adanın Çinin ayrılmaz hissəsi olduğunu bildirir və “tek Çin” prinsipinə əsaslanaraq Tayvanla hərbi tərəfdaşlığa qarşı çıxır.
Son illərdə Çin Tayvan ətrafında hərbi təzyiqi artırıb və ehtiyac yaranarsa “yenidən birləşmə” üçün güc tətbiqini istisna etmədiyini vurğulayıb. ABŞ-ın silah satışları isə Pekin və Vaşinqton arasında gərginliyi daha da dərinləşdirir.
