“Əvvəl Çexiya” şüarı altında yeni siyasət
Çexiyada parlamentin yeni seçilmiş sədri Tomio Okamura paytaxt Praqadakı parlament binasından Ukrayna bayrağının endirilməsi anını əks etdirən video paylaşaraq, ölkəsinin bundan sonra öz milli maraqlarını prioritet sayacağını bəyan edib.
Okamura sosial mediada yayımladığı videoda bayrağın endirilməsi zamanı “Əvvəl Çex Respublikası” şüarını səsləndirib və “Bizə uğur arzulayın” deyib. Bu hadisə, Çexiyada yeni hökumətin formalaşması fonunda Kiyevə verilən dəstəyin sonu kimi qiymətləndirilir.
Babiş hökuməti: Ukrayna siyasətində dönüş
Yeni hökumət Andrej Babişin rəhbərlik etdiyi ANO hərəkatı və Azadlıq və Birbaşa Demokratiya (SPD) Partiyası arasında qurulur. Babiş seçki kampaniyası zamanı Çexiyanın Ukraynaya hərbi yardımını dayandıracağını və Avropa İttifaqının təzyiqlərinə qarşı çıxacağını vəd etmişdi.
SPD lideri Tomio Okamura-nın Meclis sədri seçilməsindən cəmi bir gün sonra atılan bu addım, əvvəlki hökumətin Ukrayna yanlısı mövqeyinə simvolik şəkildə son qoyulması kimi dəyərləndirilir.
Yeni hökumətə həmçinin Motoristlər Partiyası da daxildir və koalisiya dekabrın ortalarına qədər hökumətin tam tərkibini formalaşdırmağı planlaşdırır.
Müxalifətdən etiraz
Ukrayna bayrağı ilk dəfə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra Çexiya parlamentinin üzərinə həmrəylik nişanəsi olaraq asılmışdı.
Okamuranın göstərişi ilə bayrağın endirilməsinə cavab olaraq, üç Ukrayna yanlısı müxalifət partiyasının deputatları öz ofislərinin pəncərələrindən Ukrayna bayraqları asaraq qərara etiraz ediblər.
Kiyevin reaksiyası
Kiyevin Praqadakı səfiri Vasili Zvariç sosial mediada paylaşım edərək, müxalif deputatlara təşəkkürünü bildirib. O, “Praqada daha çox Ukrayna bayrağı görürəm və rusların bu simvoldan qorxduğunu bilirəm,” – deyə qeyd edib.
Səfirin sözlərinə görə, Ukrayna xalqı Çexiya cəmiyyətindəki həmrəylik nümayişlərini yüksək qiymətləndirir.
Yeni siyasi kurs: Avropa ilə məsafə, “Çexiya mərkəzli” siyasət
Siyasi müşahidəçilər hesab edirlər ki, Babiş hökumətinin gəlişi ilə Çexiya Ukrayna məsələsində daha neytral mövqe tutacaq və AB-nin ortaq xarici siyasətindən qismən uzaqlaşacaq.
Bu addım, Çexiyanın regionda “öz milli maraqlarını qorumağa yönəlmiş yeni siyasi xəttinin” başlanğıcı kimi qiymətləndirilir.
