Bərri “təhlükəsizlik zolağı”nı rədd etdi
Livan parlamentinin sədri Nəbih Bərri ölkənin cənubunda istənilən formada bufer zonanın və ya “təhlükəsizlik zolağı”nın yaradılmasını qəti şəkildə rədd etdiyini açıqlayıb.
Bərri bu mövqeyini bazar ertəsi İmam Musa əs-Sədr və iki yoldaşının yoxa çıxmasının 48-ci ildönümü münasibətilə etdiyi çıxışda səsləndirib.
O, Livanın Litani çayının şimalı və cənubu olmaqla təhlükəsizlik baxımından bölünməsi yanaşmasını da qəbul etmədiyini bildirib.
“Yenidənqurma dövlətin məsuliyyətidir”
Livan parlamentinin sədri müharibə və hücumlar nəticəsində dağıdılmış ərazilərin yenidən qurulmasının dövlətin məsuliyyəti olduğunu vurğulayıb.
Bərri ölkənin cənubunun digər bölgələrdən ayrı şəkildə nəzərdən keçirilməsinə qarşı çıxaraq Livanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edib.
Bərri “Çərçivə sazişi”nə qarşı çıxdı
Nəbih Bərri “Çərçivə sazişi” adlandırılan razılaşmanı qəbul etmədiyini və ona qarşı çıxmaq hüququndan istifadə etməyə davam edəcəyini bildirib.
Onun sözlərinə görə, ölkənin üzləşdiyi mövcud təhlükələr heç kimə belə razılaşmalar və ya gizli əlavələr adı altında Livanın maraqları ilə bağlı birtərəfli qərarlar vermək hüququ qazandırmır.
Sionist rejimlə birbaşa danışıqlara “yox”
Bərri işğalçı İsraillə birbaşa danışıqların aparılması ehtimalına da sərt münasibət göstərib.
O, hərbi hücumların davam etdiyi şəraitdə birbaşa danışıqların nəticə verməyəcəyini bildirib.
“Yeddi raund danışıqlar aparıldı. Nəticə nə oldu? İşğal olunan ərazilər genişləndi, dağıntılar artdı və ölənlərin sayı yüksəldi”, – Bərri deyib.
“Ordu və vətəndaş sülhü qırmızı xətdir”
Livan parlamentinin sədri ölkə daxilində sabitliyin qorunmasının vacibliyini vurğulayaraq vətəndaş sülhü və Livan ordusunu “qırmızı xətt” adlandırıb.
Bərri Taif sazişinə bağlı olduqlarını və alternativ siyasi layihələri qəbul etmədiklərini bildirib.
“Məqsəd Hizbullah və Əməl deyil”
Bərri işğalçı İsrailin əsas məqsədinin yalnız “Hizbullah” və ya “Əməl” hərəkatı olmadığını iddia edib.
Onun fikrincə, əsas təhlükə Livan daxilində qarşıdurma və parçalanmanın yaradılmasıdır.
Bərri ölkədə daxili qarşıdurmaya yol verilməməsinin və siyasi-dini qruplar arasında sabitliyin qorunmasının vacibliyini önə çəkib.
“Vətən müqavimət göstərənlərindir”
Livan parlamentinin sədri çıxışında işğalçı İsrailin hücumları nəticəsində zərər çəkmiş ailələrə də toxunub.
“Vətən müqavimət göstərənlərin və işğalçı İsrailin bütöv şəkildə yox etdiyi ailələrindir. Bu məsələ bazarlıq predmeti ola bilməz”, – Bərri bildirib.
O, Livanın işğlaçı İsrailin törətdiyini bildirdiyi əməllərlə bağlı hüquqi addımlar atmaq hüququndan imtina etməyəcəyini də vurğulayıb.
Sionist rejimə qarşı hüquqi mübarizə mesajı
Bərri Livanın işğalçı İsraili soyqırımı kimi qiymətləndirdiyi əməllərə görə hüquqi məsuliyyətə cəlb etmək hüququnu qoruduğunu bildirib.
Onun sözlərinə görə, bu hüquqdan imtina etmək və ya onu siyasi razılaşmanın predmetinə çevirmək mümkün deyil.
Körfəzdə sabitliyə dəstək
Nəbih Bərri çıxışında regiondakı vəziyyətə də münasibət bildirib.
O, Körfəz bölgəsində gərginliyin aradan qaldırılması və sabitliyin təmin olunması istiqamətində həyata keçirilən bütün səyləri dəstəklədiyini açıqlayıb.
Livanın cənubunda hücumlar davam edir
Bəyanatlar Livanın cənubunda hərbi gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.
Təqdim olunan məlumata görə, işğalçı İsrail qüvvələri cənubdakı kənd və yaşayış məntəqələrini artilleriya, döyüş təyyarələri və PUA-larla hədəfə almaqda davam edir.
Eyni zamanda kənd təsərrüfatı sahələrinin yandırılması, yaşayış evləri və infrastruktur obyektlərinin partladılması və dağıdılması hallarının baş verdiyi bildirilir.
Mülki şəxslərin də hücumların hədəfinə çevrildiyi qeyd olunur.
Bu şəraitdə Bərri Livanın cənubunda bufer zona yaradılmasını, işğalçı İsraillə atəş altında birbaşa danışıqları və ölkənin ərazi baxımından faktiki şəkildə bölünməsinə gətirib çıxara biləcək təşəbbüsləri qəbul etmədiyini açıq şəkildə bəyan edib.
