London polisi rəsmi açıqlama yaydı
London polisi bu gün səhər saatlarında Britaniyanın sabiq naziri və Vaşinqtondakı keçmiş səfiri Piter Mandelsonun zaminlik əsasında sərbəst buraxıldığını açıqlayıb. O, Ceffri Epşteyin işi ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılmışdı.
Paytaxt polisi yaydığı bəyanatda bildirib ki, 72 yaşlı bir şəxs dövlət vəzifəsində çalışdığı dövrdə mümkün qanun pozuntularında şübhəli bilindiyi üçün saxlanılıb və əlavə istintaq tədbirləri başa çatana qədər zaminliklə azad olunub.
Epşteyin işi ilə bağlı istintaq genişlənir
Mandelsonun saxlanılması Ceffri Epşteyin işi ilə əlaqədar iddialar fonunda baş verib. O, bir vaxtlar Leyboristlər Partiyasının aparıcı simalarından biri olub və Böyük Britaniya hökumətində yüksək vəzifələr tutub.
Hadisə şahzadə Endryu Mauntbatten-Vindsorun da eyni iş üzrə şübhəli şəxs qismində saxlanılmasından dörd gün sonra qeydə alınıb. Bundan əvvəl polis ayın əvvəlində dövlət vəzifəsində mümkün sui-istifadə halları ilə bağlı cinayət araşdırmasına başlanıldığını elan etmişdi.
Həssas məlumatların ötürülməsi iddiası
Sabiq nazirin 2008–2010-cu illərdə Qordon Braun hökumətində biznes naziri vəzifəsində çalışdığı dövrdə Epşteynə həssas məlumatlar ötürdüyü iddia olunur. ABŞ Ədliyyə Nazirliyinin yanvar ayının sonunda dərc etdiyi Epşteyin işi üzrə sənədlərdə Mandelsonun fond bazarı ilə bağlı bazarlara təsir göstərə biləcək məlumatları ötürmüş ola biləcəyi ehtimalı yer alıb.
London polisi fevralın 3-də bu iddialarla bağlı rəsmi istintaqın başladığını açıqlayıb. Bildirilib ki, araşdırma dövlət vəzifəsində mümkün qanun pozuntularını əhatə edir.
Mənzillərdə axtarış aparılıb
İstintaqın başlanmasından üç gün sonra hüquq-mühafizə orqanları Mandelsona məxsus iki ünvanda axtarış aparıb. Bu ünvanlardan biri Londonun Kamden rayonunda, digəri isə İngiltərənin cənub-qərbində yerləşən Uiltşir bölgəsindədir.
Hazırda araşdırmalar davam edir və polis əlavə istintaq tədbirlərinin görüləcəyini bildirib. Mandelsonla bağlı yekun qərarın istintaqın nəticələrindən sonra veriləcəyi gözlənilir.
