Britaniya Rusiyanın səfirini çağırdı
Böyük Britaniya Xarici İşlər Nazirliyi bu gün Rusiya Federasiyasının Londondakı səfiri Andrey Kelinə nota verib. Rəsmi London Moskvanın son günlərdə NATO üzvü olan iki ölkənin hava məkanını pozmasını kəskin şəkildə pisləyib.
Nazirlikdən yayılan açıqlamada bildirilir ki, hərbi pilotsuz uçuş aparatlarının (PUA) və təyyarələrin müttəfiq dövlətlərin hava məkanına icazəsiz daxil olması “tamamilə qəbuledilməzdir”. Britaniya rəsmiləri NATO ölkələrinin birliyinə diqqət çəkərək bəyan ediblər ki, “Moskvanın aqressiv davranışı yalnız alyansın birliyini və Ukraynaya dəstəyi gücləndirir”.
Polşa və Rumıniya hadisələri
Ötən həftə Polşa ordusu hava məkanına daxil olmuş rus pilotsuz təyyarəsini vurduğunu açıqlayıb. Ardınca Rumıniya hərbi aviasiyası da oxşar insident səbəbilə havaya qalxıb.
Polşa hökuməti həmin insidentdən sonra NATO müqaviləsinin 4-cü maddəsinin işə salındığını təsdiqləyib. Bu maddəyə görə, hər hansı üzv dövlət təhlükəsizliyi və suverenliyi təhdid altında olduğunu düşündükdə alyans ölkələri ilə məsləhətləşmə aparmaq hüququna malikdir.
Moskvanın mövqeyi
Rusiya Müdafiə Nazirliyi isə yayılan ittihamları təkzib edib. Rəsmi Moskva PUA-larının Polşa ərazisində hədəflərə yönəldilməsi barədə planlarının olmadığını, istifadə edilən aparatların maksimal uçuş məsafəsinin 700 kilometrdən çox olmadığını bildirib. Nazirlik əlavə edib ki, Polşa tərəfi ilə məsələni müzakirə etməyə hazırdır.
Belarusun açıqlaması
10 sentyabr tarixində Belarus da oxşar hadisə ilə bağlı bəyanat yayıb. Minsk bildirib ki, Rusiya və Ukrayna arasında gedən qarşılıqlı hücumlar zamanı bir neçə pilotsuz aparat elektron maneələr səbəbilə istiqamətdən yayınaraq onun sərhədlərinə yaxınlaşıb. Belarus bu barədə Polşa və Litvaniyaya məlumat verdiyini açıqlayıb.
NATO-nun mövqeyi
Britaniya rəsmilərinin açıqlamasında qeyd olunub ki, Moskvanın bu cür addımları alyansın birgə hərəkət etməsini daha da möhkəmləndirir. London Rusiyaya xəbərdarlıq edərək bildirdi ki, gələcəkdə oxşar halların təkrarlanması daha sərt reaksiya ilə qarşılanacaq.