Deputatların məktubu və narahatlıqları
İngiltərə parlamentinin bir qrup üzvü hökumətə müraciət edərək “Sumud karvanı”na açıq dəstək göstərilməsini tələb edib. Məktubda qeyd olunub ki, İsrailin yardım gəmilərinə qarşı əvvəlki hücumları ciddi narahatlıq doğurur və bu dəfə də eyni təcavüzün təkrarlana biləcəyi ehtimalı var.
Məktubu imzalayanlar arasında Leyboristlər Partiyasının sabiq lideri Ceremi Korbin, Liberal-Demokratlar, Yaşıllar, Şotlandiya Milli Partiyası və bir sıra müstəqil deputatlar yer alıb.
İsrailin təhdidlərinə reaksiya
Deputatlar xatırladıblar ki, keçmiş missiyalarda İsrail qüvvələri yardım gəmilərinə hücum edib, heyəti həbs edib və beynəlxalq hüququ pozub. Onlar, həmçinin, İsrail rəsmilərinin sosial şəbəkələrdə “karvanın Həmasla əlaqəsi” barədə paylaşdıqları mesajların zorakılıq üçün zəmin hazırladığını bildiriblər.
Hazırda karvanda ən azı 13 Britaniya vətəndaşı var. Onlardan biri Britaniya bayrağı daşıyan gəmidə idi ki, Tunis limanında pilotsuz uçuş aparatı ilə vurulub, nəticədə yanğın baş verib.
Britaniya hökumətinin mövqeyi
Mətbuatın məlumatına görə, Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına yalnız konsulluq yardımı göstərə biləcəyini açıqlayıb. Bu isə deputatların narazılığına səbəb olub. Onlar hökuməti İsrailə qarşı sərt mövqe nümayiş etdirməyə çağırıblar.
Deputatlar məktubda yazıblar: “Bu karvanda iştirak edənlər jurnalist, həkim, yardımçı və vətəndaş fəallarıdır. Onlar terrorçu deyil və İsrail üçün heç bir təhlükə yaratmırlar.”
Avropa ölkələrinin addımları
İspaniya və İtaliya son pilotsuz hücumdan sonra öz hərbi gəmilərini Aralıq dənizinə göndərib. İspaniyanın baş naziri Pedro Sançes bildirib ki, Kartaxena limanından yola çıxan donanma gəmisi lazım gələrsə, humanitar əməliyyat həyata keçirəcək. İtaliya müdafiə naziri isə iki hərbi gəminin hazır vəziyyətə gətirildiyini açıqlayıb.
Böyük Britaniya hökuməti isə hərbi donanma göndərmək variantını istisna edib.
Karvanın beynəlxalq əhəmiyyəti
44 ölkədən 300-dən çox fəalın qatıldığı “Sumud karvanı” Qəzzaya humanitar yardım aparır. Onların arasında məşhur ekoloji fəal Qreta Tunberq də var. Bu, İsrailin hücumlarından bəri Qəzzaya göndərilən ən böyük yardım donanmasıdır.
BMT isə son hücumlarla bağlı təcili araşdırma aparılmasını tələb edib.