BRİKS Qəzza ilə bağlı qəti mövqeyini açıqladı
Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRİKS ölkələri liderlərinin 18-ci Zirvə Toplantısının yekun bəyanatında Fələstin məsələsinə geniş yer ayrılıb. Qrup işğal altındakı Fələstin ərazilərindən fələstinlilərin hər hansı səbəblə məcburi köçürülməsinə qəti şəkildə qarşı olduğunu bildirib.
Yekun bəyanatda məcburi köçürülmənin müvəqqəti və ya daimi olmasından asılı olmayaraq qəbuledilməz olduğu vurğulanıb. BRİKS liderləri Qəzza zolağının coğrafi və demoqrafik quruluşunu dəyişdirməyə yönəlmiş istənilən addımı da rədd ediblər.
Qrupun mövqeyinə əsasən, Qəzzanın gələcəyi ilə bağlı atılacaq addımlar Fələstin xalqının əsas hüquqlarını pozmamalı, işğalın qanuniləşdirilməsinə və ya müddətinin uzadılmasına gətirib çıxarmamalıdır.
Atəşkəsin qorunması tələb edildi
BRİKS liderləri Qəzzada əldə edilmiş atəşkəsin qorunmasının vacibliyini xüsusi vurğulayıblar. Bütün tərəflərə atəşkəs rejiminə əməl etmək və vəziyyətin yenidən genişmiqyaslı qarşıdurmaya çevrilməsinin qarşısını almaq çağırışı edilib.
Bəyanatda 2025-ci ilin oktyabrında əldə edilən atəşkəsə baxmayaraq bölgədə zorakılığın davam etməsindən narahatlıq ifadə olunub.
Qəzzada yaşayan əhaliyə humanitar yardımın tam, davamlı və maneəsiz şəkildə çatdırılması da əsas tələblərdən biri kimi göstərilib. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qəbul etdiyi qətnamələrə əməl edilməsinin vacibliyi qeyd olunub.
Fələstinlilərin məcburi köçürülməsi planlarına etiraz
Yekun sənəddə Qəzza əhalisinin başqa ərazilərə məcburi köçürülməsini nəzərdə tutan siyasət və təşəbbüslərə xüsusi diqqət çəkilib.
BRİKS ölkələri fələstinlilərin öz torpaqlarından zorla çıxarılmasına səbəb ola biləcək istənilən planın qarşısının alınmasına çağırıb. Qrup belə addımların Fələstin xalqının ayrılmaz hüquqlarına zərbə vura və bölgədəki işğalın davam etməsinə şərait yarada biləcəyi barədə xəbərdarlıq edib.
Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə dəstək
BRİKS Fələstin Dövlətinin BMT-də tamhüquqlu üzv kimi qəbul edilməsinə də dəstəyini bir daha ifadə edib.
Bəyanatda Fələstin məsələsinin təxirəsalınmadan ədalətli və davamlı şəkildə həll edilməsinə çağırış yer alıb. Qrupun mövqeyinə görə, uzunmüddətli sabitlik Fələstin xalqının hüquqlarının təmin olunmasını tələb edir.
İordan çayının qərb sahilindəki məskunlaşmaya etiraz
BRİKS liderləri işğal altındakı İordan çayının qərb sahilində işğalççı yəhudilərin genişləndirilməsinə də toxunublar.
Qrup beynəlxalq hüququ pozan fəaliyyətləri rədd etdiyini bildirərək işğal altındakı Fələstin ərazilərində həyata keçirilən birtərəfli addımların dayandırılmasının vacibliyini vurğulayıb.
Bəyanatda Qüdsün hüquqi və tarixi statusunu dəyişdirməyə yönəlmiş birtərəfli tədbirlərə də qarşı çıxılıb.
Qüdsdə müqəddəs məkanlarla bağlı çağırış
BRİKS ölkələri Qüdsdə dini və müqəddəs məkanların toxunulmazlığının qorunmasını tələb ediblər. Bütün insanların bu məkanlara maneəsiz çıxışının və dini ayinlərini sərbəst şəkildə yerinə yetirmək hüququnun təmin edilməsinin vacibliyi bildirilib.
Beləliklə, Yeni Dehli Zirvə Toplantısının yekun bəyanatı BRİKS-in Fələstin məsələsində mövqeyini bir daha ortaya qoyub. Qrup Qəzzanın coğrafi və demoqrafik quruluşunun dəyişdirilməsini, fələstinlilərin zorla köçürülməsini və işğalı möhkəmləndirə biləcək addımları qəbuledilməz hesab etdiyini açıqlayıb.
