Brent neftində ucuzlaşma müşahidə olunur
Beynəlxalq enerji bazarlarında Brent markalı xam neftin qiyməti enməyə davam edir. Dünən 68 dollara qədər yüksələn Brent neftinin bir bareli günü 67,11 dollardan bağladı. Bu gün isə Bakı vaxtı ilə saat 09:10-da qiymət 0,4 faiz azalaraq 66,83 dollar səviyyəsinə gerilədi. Eyni vaxtda Qərbi Texas (WTI) markalı neft 63 dollardan ticarət olundu.
ABŞ iqtisadiyyatı qiymətlərə təsir göstərir
Qiymətlərin enməsində əsas amil ABŞ iqtisadiyyatına dair narahatlıqlar olub. ABŞ Federal Ehtiyat Sistemi (Fed) sentyabr ayında bu il ilk dəfə faiz endirimi həyata keçirərək göstəricini 25 baza bəndi azaldıb və 4–4,25 faiz aralığına çəkib. Fed əmək bazarında zəifləmənin davam etməsi fonunda əlavə endirimlərə də hazır olduğunu açıqlayıb.
Daha aşağı faiz dərəcələri nəzəri olaraq enerji tələbinin artmasına təkan versə də, bazarlar artıq iki əlavə faiz endirimini qiymətləndirməyə başlayıb ki, bu da neftin bahalaşmasını məhdudlaşdırır.
Ehtiyatların artması təzyiq yaradır
ABŞ-da neft distillat ehtiyatlarının 1 milyon barel artacağı gözlənilirdi. Lakin faktiki artım 4 milyon barel təşkil edib. Bu, ölkədə tələbatın zəifliyinə dair narahatlıqları artıraraq qiymətlərin aşağı istiqamətdə hərəkətinə səbəb olub.
Trampın açıqlamaları bazara təsir edir
ABŞ Prezidenti Donald Tramp isə Rusiya-Ukrayna müharibəsi fonunda yeni ticarət tarifləri və enerji embarqosu ilə bağlı fikirlərini açıqlayıb. O, Fox News-a müsahibəsində Avropa ölkələrinə Rusiyadan neft idxalını dayandırmağı tövsiyə edib və Çinə qarşı tariflərin müharibənin sonunu sürətləndirə biləcəyini vurğulayıb.
Tramp daha əvvəl də dəfələrlə Avropa və Hindistana Rusiyadan enerji idxalına son qoymaları çağırışı etmişdi. Onun bu bəyanatları enerji bazarlarında qeyri-müəyyənlik yaradır, qısamüddətli perspektivdə isə iqtisadi artımı ləngidə və enerji tələbatını zəiflədə bilər.
Texniki göstəricilər
Analitiklərin qiymətləndirməsinə görə, Brent neftində 67,90 dollar səviyyəsi əsas müqavimət, 61,50 dollar isə əsas dəstək nöqtəsi kimi izlənilir.