Braziliya ABŞ Rəsmilərinə Viza Vermədi

2 Dəq Oxuma Müddəti

ABŞ rəsmilərinin viza müraciəti rədd edildi

Braziliya hökuməti oktyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi ölkəyə səfər etmək istəyən iki yüksəkvəzifəli ABŞ rəsmisinin viza müraciətini qəbul etməyib.

Məlumata görə, ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun müdir müavini Rayli Barns və həmin qurumun vəzifəsini icra edən digər rəhbər şəxsi Samuel Samsonun viza müraciətləri rədd olunub.

Səfərin məqsədi uyğun hesab edilməyib

Braziliya Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, ABŞ nümayəndələrinin səfər məqsədi uyğun hesab edilməyib.

Yerli mediada yayılan məlumatlarda qeyd olunur ki, nəzərdə tutulan səfərin seçki təhlükəsizliyinin müşahidəsindən daha çox seçki prosesinin siyasiləşdirilməsi riski yaratdığı qiymətləndirilib.

Bildirilib ki, Braziliya beynəlxalq müşahidəçiləri qəbul etmək ənənəsinə malik olsa da, rəsmi müşahidəçi statusu daşımayan xarici rəsmilərin ölkəyə girişinə icazə verməyib.

Qərar seçki öncəsi müzakirələri gücləndirib

Viza qərarı keçmiş prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaronun son açıqlamalarından sonra qəbul edilməsi ilə diqqət çəkib.

Flavio Bolsonaro oktyabrın 4-də keçiriləcək prezident seçkiləri öncəsi Braziliyada akkreditə olunmuş təxminən 40 ölkənin diplomatları ilə görüşdə elektron səsvermə sistemi barədə iddialar səsləndirib.

O, heç bir sübut təqdim etmədən seçki sisteminin Venesuela mənşəli “Smartmatic” şirkəti tərəfindən təmin edildiyini iddia edib.

Məhkəmə iddiaları təkzib edib

Braziliyanın Ali Seçki Məhkəməsi isə bu iddiaları qəti şəkildə təkzib edib.

Məhkəmənin açıqlamasında vurğulanıb ki, “Smartmatic” şirkəti indiyədək Braziliyada keçirilən seçkilərdə istifadə olunan səsvermə avadanlıqlarını və ya proqram təminatını heç vaxt təqdim etməyib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş