Tarixi qərar
Böyük Britaniya və Portuqaliya bu gün rəsmi olaraq Fələstin dövlətini tanıyacaqlar. Qərar, İsrail və ABŞ-ın ciddi təzyiqlərinə baxmayaraq qəbul edilir və beynəlxalq ictimaiyyət tərəfindən tarixi dönüş nöqtəsi kimi dəyərləndirilir.
Bu addım, BMT Baş Assambleyasının işinə bir neçə gün qalmış atılır. Nyu-Yorkda keçiriləcək tədbirə 140-dan çox dövlət və hökumət başçısının qatılacağı gözlənilir.
Avropada dəstək artır
Son aylar ərzində bir sıra Avropa ölkələri də Fələstin dövlətini tanıyıb. Qərarların əsas səbəbi kimi İsrailin Qəzzaya qarşı 7 oktyabr 2023-dən bəri davam edən hücumları və Qərb sahilindəki genişmiqyaslı məskunlaşma siyasəti göstərilir.
Gözləntilərə görə, bazar ertəsi Nyu-Yorkda Fransa və Səudiyyə Ərəbistanının himayəsi ilə keçiriləcək beynəlxalq konfransda 10 dövlət daha rəsmi şəkildə Fələstini tanıyacağını elan edəcək.
London və Lissabonun mövqeyi
Britaniya mediasının – “BBC” və “The Guardian”ın – məlumatına görə, Londonun bu addımı Baş nazir Kir Starmerin iyul ayında verdiyi bəyanatla üst-üstə düşür. O vaxt Starmer bildirmişdi ki, İsrail hücumlarını dayandırmasa, hökumət Fələstini tanıyacaq. Baş nazir bu qərarı “həqiqi sülh prosesinə töhfə” kimi qiymətləndirmişdi.
Portuqaliyanın Xarici İşlər Nazirliyi də keçən həftə təsdiqləmişdi ki, rəsmi Lissabon bazar günü Fələstini tanıyacaq. Nazirlik, iyul ayında İsrailin Qərb sahilindəki yeni məskunlaşma layihələrinin “təhlükəli gedişat” yaratdığını bəyan etmişdi.
Beynəlxalq narahatlıqlar
Böyük Britaniyanın Baş nazir müavini və BMT-dəki nümayəndəsi Devid Lami bildirib ki, “Fələstin dövlətinin tanınması Qərb sahilindəki məskunlaşma layihələrinin, xüsusilə E1 planının yaratdığı təhlükənin nəticəsidir”. Sözügedən layihə 3400 yaşayış evinin tikintisini nəzərdə tutur və BMT dəfələrlə xəbərdarlıq edib ki, bu plan Qərb sahilini iki hissəyə bölərək “iki dövlətli həll” imkanlarını məhv edə bilər.
İsrailin reaksiyası
İsrail rəhbərliyi isə Avropa dövlətlərinin bu addımlarına sərt etiraz edir. Baş nazir Benyamin Netanyahu Britaniyanın mövqeyini “terrorçuluğa mükafat” adlandırıb. İsrail rəsmiləri hətta Qərb sahilinin geniş hissələrini ilhaq etməklə hədələyirlər.
BMT-də son qərarlar
Keçən həftə BMT Baş Assambleyası da əksəriyyət səs çoxluğu ilə Fələstin dövlətinin yaradılmasını dəstəkləyən qətnamə qəbul etmişdi. Hal-hazırda BMT-yə üzv 193 ölkədən təxminən 140-ı Fələstini tanıyır.
ABŞ-da da bu məsələ müzakirə olunur. “Nyu-York Tayms”ın xəbərinə görə, bir qrup demokrat senator prezident Donald Trampa silahsızlaşdırılmış Fələstin dövlətini tanımağı tövsiyə edən qanun layihəsi təqdim edib. Bu, Senat daxilində ilk belə təşəbbüs sayılır.