Fələstin üzrə BMT-nin insan haqları xüsusi məruzəçisi Françeska Albanese bildirib ki, Qəzzada davam edən müharibənin başlanğıcından bəri İsrail onlarla jurnalisti öldürüb.
Əl-Cəzirənin məlumatına görə, o, bu rəqəmin I və II Dünya müharibələrində həlak olan jurnalistlərin ümumi sayından çox olduğunu vurğulayıb.
Məlumatda qeyd olunur ki, 7 oktyabr 2023-dən bəri İsrail ordusu Qəzza zolağında jurnalistləri məqsədli şəkildə hədəf alır. Rəsmi statistikaya əsasən, indiyədək İsrail hücumlarında 247 jurnalist həlak olub.
Bu kontekstdə Sərhədsiz Reportyorlar (RSF) və Avaaz tərəfindən 70 ölkədən 250-dən çox media qurumunun iştirakı ilə beynəlxalq kampaniya başlanıb. Media qurumları Qəzzada öldürülən jurnalistlərlə həmrəylik nümayiş etdirərək öz saytlarında bəyanatlar dərc edib, qəzetlərin ilk səhifələrində qara zolaqlar yerləşdirib və analitik məqalələr yayımlayıb.
Kampaniyada xəbərdarlıq olunub ki, Qəzzada jurnalist ölümlərinin bu sürəti davam edərsə, “dünyaya həqiqəti çatdıracaq jurnalist qalmayacaq”.
Eyni zamanda Jurnalistləri Qoruma Komitəsi (CPJ) son göstəricilərində bildirib ki, 2023–2025-ci illər arasında işğal olunmuş ərazilərdə ümumilikdə 191 jurnalist öldürülüb, onların əksəriyyəti Qəzzadandır.
Bu rəqəmlər və hesabatlar Qəzza müharibəsi fonunda mətbuat azadlığının və informasiyaya çıxış hüququnun davamlı şəkildə boğulması ilə bağlı narahatlıqları daha da artırıb.