BMT-dən ciddi hesabat: uşaqlar və məktəblər hədəfə alınıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin İordan çayının qərb sahilində həyata keçirdiyi əməliyyatların fəlakətli nəticələrini açıqlayıb. Təşkilatın bazar günü yaydığı hesabatda bildirilir ki, 2025-ci ilin əvvəlindən bəri İsrail qüvvələri 40 fələstinli uşağı öldürüb.
BMT-nin məlumatına əsasən, ən çox itki Jenin vilayətində qeydə alınıb. Burada 65 fələstinli həlak olub ki, bu da Qərb sahilindəki ümumi şəhidlərin təxminən üçdə birinə bərabərdir.
Təhsilə qarşı hücumlar və məktəblərin bağlanması
Hesabatda qeyd edilir ki, İsrailin hücumları təkcə insanların həyatına deyil, həm də təhsil sahəsinə ciddi təsir göstərib. İyuldan sentyabra qədər olan dövrdə məktəblərlə bağlı 90-dan çox zorakılıq hadisəsi qeydə alınıb. Bu səbəbdən 12 mindən çox şagird təhsildən məhrum olub və dərslərin keçirilməsi uzun müddət dayandırılıb.
Məskunlaşanların zorakılığı artır
BMT həmçinin bildirir ki, bu ilin oktyabr ayının əvvəlindən etibarən yəhudi məskunlaşanların (müstəmləkəçilərin) fələstinlilərə qarşı zorakılığı daha da artıb. Təkcə zeytun yığımı mövsümündə 86 hücum qeydə alınıb, 50-dən çox kənd hədəfə alınıb.
Reuters agentliyinin məlumatına görə, həm BMT, həm də fələstinli rəsmilər bu zorakılıqların planlı şəkildə və cəzasız şəkildə davam etdiyini təsdiqləyiblər. Oktyabrın ilk həftəsindən etibarən İordan çayının qərb sahilində azı 158 hücum həyata keçirilib.
Gündəlik basqınlar və təqiblər
İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki hərbi əməliyyatları demək olar ki, hər gün baş verir. Fələstinlilər arasında həbs, evlərin sökülməsi, kənd təsərrüfatı sahələrinin yandırılması və hərəkət məhdudiyyətləri artıq adi hala çevrilib.
BMT beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə və xüsusən də uşaqlara qarşı zorakılığın dayandırılmasına çağırıb. Təşkilat bildirib ki, bu cür hərəkətlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir.
