BMT: Hücumların sayı rekord həddə çatıb
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) bildirib ki, 2025-ci ilin oktyabr ayında İsrail məskunlaşanları tərəfindən İordan çayının qərb sahilində fələstinlilərə qarşı azı 264 hücum həyata keçirilib. Bu, 2006-cı ildən bəri BMT-nin apardığı qeydlər arasında ən yüksək aylıq göstərici sayılır.
Təşkilat xəbərdarlıq edib ki, zorakılığın bu səviyyədə artması ciddi narahatlıq doğurur. Hücumlar nəticəsində fələstinlilər arasında ölənlər, yaralananlar və əmlaka ziyan halları qeydə alınıb. Orta hesabla, oktyabr ayında gündə 8 hücum baş verib.
2006-cı ildən bəri 9600-dən çox hücum
OCHA-nın məlumatına əsasən, 2006-cı ildən bəri 9600-dən çox bu tip hücum sənədləşdirilib. Onların təxminən 1500-ü yalnız 2025-ci ildə baş verib — bu da ümumi göstəricinin 15 faizinə bərabərdir.
BMT-nin hesabatında həmçinin bildirilib ki, cari ilin əvvəlindən bu yana İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən 42 fələstinli uşaq qətlə yetirilib. Bu isə o deməkdir ki, 2025-ci ildə İsrail qüvvələrinin öldürdüyü hər 5 fələstinlidən biri uşaq olub.
Gecə reydləri və yeni zorakılıq dalğası
Eyni zamanda, yerli mənbələr xəbər verir ki, ötən gecə İsrail ordusu Ramallahın şimalındakı Kuber qəsəbəsini basqına alıb, bir nəfəri və oğlunu saxlayıb, lakin bir neçə saat sonra azad edib.
Cənubi Cənində yerləşən Yəbd qəsəbəsində isə İsrail qüvvələri bir neçə evi, o cümlədən bələdiyyə başçısı Əmjad Atatrənin evini dağıtmaqla hədələyib. Bir neçə evin sakinləri evlərindən çıxarılıb, həmin evlər müvəqqəti hərbi məntəqəyə çevrilib.
Cənin bölgəsindəki Sanur qəsəbəsində bir qadın da təzyiq məqsədilə bir saat saxlanılıb — məqsəd onun oğlunu təslim olmağa məcbur etmək olub.
Evlərin yandırılması və dağıntılar
Xalil vilayətinin Dura şəhərində isə İsrail əsgərləri Əbdülməcîd İbrahim Şədidin evinə daxil olub, onu döyərək xəsarət yetirib, evdəki əşyaları dağıdıb.
Bundan əlavə, Ramallahın şimal-şərqindəki Xirbət Əbu Fəlah kəndində yəhudi məskunlaşanlar bir fələstinlinin evini yandırıblar. Yanğın vətəndaşlar və mülki müdafiə qüvvələri tərəfindən söndürülüb, lakin evin bir hissəsi və ətrafı ciddi zərər görüb.
İşğal siyasətinin genişlənməsi
BMT hesabatında qeyd olunur ki, İsrailin Qərb sahilində artan zorakılığı və yeni məskunlaşma siyasəti bu bölgənin tam işğalı və ilhaqı istiqamətində atılan addımlardır. Bu, həmçinin fələstinlilərin iqtisadiyyatını çökdürərək müstəqil Fələstin dövlətinin yaranma imkanlarını aradan qaldırmaq məqsədi daşıyır.
