BMT-dən İsrailə Zərbə: “Nyu-York Bəyannaməsi” Qəbul Edildi

2 Dəq Oxuma Müddəti

BMT-də tarixi qərar

BMT Baş Assambleyası “Nyu-York Bəyannaməsi” adlı sənədi 142 lehinə, 10 əleyhinə və 12 bitərəf səslə qəbul edib. Fələstin-İsrail münaqişəsinin həlli və iki dövlətli yanaşmanın həyata keçirilməsi məqsədi daşıyan bu qərar İsrail mətbuatında “ağır zərbə” kimi dəyərləndirilib.

Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü

Sənəd iyul ayında Nyu-Yorkda keçirilən konfransda Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə hazırlanıb. Qəbul edilən bəyannamə “geridönməz yol xəritəsi” kimi təqdim olunaraq Fələstin dövlətinin yaradılması istiqamətində konkret addımların atılmasını nəzərdə tutur.

HƏMAS-ın silahsızlaşdırılması gündəmdə

Qərarın əsas hədəflərindən biri HƏMAS-ın hərbi gücünü tamamilə məhdudlaşdıraraq onu yalnız siyasi quruma çevirməkdir. Diplomatik mənbələr hesab edir ki, HƏMAS-a məhdud siyasi rolun saxlanılması, təşkilatın silahsızlaşmaya razılıq vermə ehtimalını artırır.

Ər-Riyadın mövqeyi

Konfransda çıxış edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan iki dövlətli həll yolunun bölgədə “sülhün açarı” olduğunu vurğulayıb. O, eyni zamanda Qəzza zolağında davam edən humanitar fəlakətin qarşısının alınması üçün beynəlxalq ictimaiyyəti təcili addımlar atmağa çağırıb.

Bəyannamənin məzmunu

Yeddi səhifədən ibarət olan sənəd, İsrailin 1967-ci ildən bəri işğal etdiyi ərazilərdən çıxmasını, yeni yaşayış məntəqələrinin tikintisinin dayandırılmasını və tərəflərin qarşılıqlı təhlükəsizliyinin təmin olunmasını tələb edir.

Bəyannamənin mühüm maddələrindən biri də iştirakçı dövlətlərin Fələstin dövlətini rəsmən tanımaq üçün öhdəlik götürməsidir. Fransa artıq sentyabr ayında bu addımı atacağını açıqlayıb. Bir sıra Avropa və ərəb ölkələri də prosesə qoşulmağa hazır olduqlarını bildiriblər.

Nəzarət mexanizmi yaradılır

Sənədin icrasını təmin etmək üçün beynəlxalq monitorinq orqanının yaradılması planlaşdırılır. Bu qurum, bəyannamənin praktik proqram kimi həyata keçirilməsinə nəzarət edəcək.

İsrail mediası isə bu qərarı ölkənin diplomatik mövqelərinə ciddi zərbə kimi təqdim edir. “Maariv” qəzeti yazır ki, BMT-nin bu addımı beynəlxalq miqyasda Fələstin dövlətinin tanınmasına aparan yeni mərhələnin başlanğıcıdır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş