BMT-dən tarixi səsvermə: Kuba blokadasına son qoyulmalıdır
BMT Baş Assambleyası 1962-ci ildən bəri davam edən ABŞ-ın Kubaya qarşı iqtisadi blokadasının dayandırılmasına növbəti dəfə səs verib. Qətnamə 165 lehinə, 7 əleyhinə və 12 bitərəf səslə qəbul olunub.
Bu, 1992-ci ildən bəri 33-cü dəfədir ki, BMT Kuba blokadasının qaldırılmasına çağırış edir. Qərar Vaşinqtonun diplomatik təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyətin sabit və davamlı mövqeyini bir daha nümayiş etdirib.
Səsvermədə qərarın əleyhinə çıxan ölkələr — Argentina, Macarıstan, İsrail, Şimali Makedoniya, Paraqvay, Ukrayna və ABŞ olub. Albaniya, Bosniya və Herseqovina, Kostarika, Çexiya, Ekvador, Estoniya, Latviya, Litva, Mərakeş, Moldova, Rumıniya və Polşa isə bitərəf qalıb.
Kuba: “Biz imperiyanın təzyiqlərindən qorxmuruq”
Kuba Prezidenti Migel Dias-Kanel qərarı “xalqın iradəsinin və beynəlxalq həmrəyliyin qələbəsi” kimi qiymətləndirib:
“Altı onillikdir davam edən bu blokadaya baxmayaraq, Kuba bir daha öz müstəqilliyini və ləyaqətini müdafiə etdi. ABŞ-ın təzyiqləri bir neçə ölkəni təsirləndirsə də, dünyanın böyük əksəriyyəti yenə də Kubanın yanında dayandı.”
Kanel bildirib ki, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar “xalqa qarşı cəza” xarakteri daşıyır və ölkənin inkişafını məqsədyönlü şəkildə əngəlləyir.
Venesuela: “Bu, çoxqütblü dünyanın qələbəsidir”
Venesuela hökuməti Kubanı və xalqını təbrik edərək BMT qərarını “qürurun və beynəlxalq hüququn qələbəsi” adlandırıb. Karakasın bəyanatında deyilir:
“Bu səsvermə ABŞ-ın imperialist təzyiqlərinin iflasını və çoxqütblü dünyanın irəlilədiyini göstərir. Vaşinqtonun iqtisadi blokadası dövlət terrorizminin bir formasıdır.”
Venesuela bildirib ki, Kuba xalqının azadlıq uğrunda mübarizəsi bütün Latın Amerikası xalqları üçün müstəqillik rəmzidir.
İran: “İnsanlıq əleyhinə sanksiyalara beynəlxalq cavab”
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaeyi də BMT qərarını alqışlayaraq bildirib:
“ABŞ-ın altı onillikdir davam edən sanksiyaları humanitar dəyərlərə ziddir və BMT Nizamnaməsini açıq şəkildə pozur. Bu səsvermə göstərdi ki, dünya artıq Vaşinqtonun təcrid siyasətini rədd edir.”
Tehran Kuba xalqına həmrəylik ifadə edərək Vaşinqtonun “qeyri-insani təzyiq siyasətinin” beynəlxalq səviyyədə tənqid edilməsinin ədalətin qələbəsi olduğunu vurğulayıb.
62 illik iqtisadi blokada
ABŞ 1962-ci ildə Fidel Kastro hökumətinə qarşı ekonomik və ticarət embarqosu tətbiq edib. Bu blokada Kuba iqtisadiyyatına ciddi təsir göstərərək enerji, ərzaq və dərman təminatında çatışmazlıqlar yaradıb.
BMT, Karib ölkələri və Latın Amerikası dövlətləri illərdir ABŞ-ı blokadanı ləğv etməyə çağırır, lakin Vaşinqton hələ də bu siyasətini davam etdirir.
