Bloomberg: Ərdoğan S-400 məsələsini Putinin qarşısında qaldırıb
Bloomberg agentliyinin mötəbər mənbələrə istinadən yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş zamanı Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemlərinin geri qaytarılması məsələsini gündəmə gətirib. Bildirilir ki, Ankara bu addımla ABŞ və NATO ilə uzun müddətdir davam edən gərginliyi azaltmağı və hərbi əməkdaşlıqda yeni mərhələyə keçməyi hədəfləyir.
Məlumata əsasən, S-400 razılaşmasının ləğvi Türkiyənin ABŞ istehsalı olan F-35 qırıcılarının alınması qarşısındakı əsas maneələri aradan qaldırmaq məqsədi daşıyır. Qeyd olunur ki, tərəflər arasında bu mövzuda daha əvvəl də qeyri-rəsmi təmaslar olub. Bununla belə, Türkiyə Prezident Administrasiyası və Milli Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Hədəf – F-35 proqramına yenidən qoşulmaq
Ankaranın S-400 sistemlərindən imtina etmək niyyətinin əsas səbəbi ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarının ləğvinə nail olmaqdır. Yüksək vəzifəli türk diplomatın sözlərinə görə, bu sanksiyaların növbəti il ərzində aradan qaldırılması gözlənilir. Lakin əsas strateji məqsəd 2019-cu ildə çıxarıldığı F-35 birgə istehsal proqramına yenidən daxil olmaqdır.
ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak da ötən həftə verdiyi açıqlamada iki ölkə arasında danışıqların davam etdiyini təsdiqləyib. O bildirib ki, ABŞ qanunvericiliyinə əsasən, Türkiyənin F-35 proqramına qayıtması üçün S-400 sistemlərindən istifadə etməməsi və onlara sahib olmaması şərtdir. Barak, Prezident Donald Tramp və Prezident Ərdoğan arasında müsbət münasibətlərin bu mövzuda son illərin ən səmərəli danışıqlarına imkan yaratdığını vurğulayıb.
Ankara ödənilən vəsaitin qaytarılmasını istəyir
Bloomberg-in məlumatına görə, S-400-lərin qaytarılması planı təkcə hərbi deyil, həm də maliyyə müzakirələrini əhatə edir. Ankara Rusiyaya S-400 sistemləri üçün ödədiyi milyardlarla dolların geri qaytarılmasını tələb edir. Alternativ variant kimi, Türkiyənin Rusiyadan idxal etdiyi təbii qaz və neftin qiymətlərində endirim tələb etməsi də müzakirə olunan ssenarilər sırasındadır.
Türkiyə, Rusiya və Ukrayna arasında vasitəçilik rolunun Moskvanın bu tələblərə daha çevik yanaşmasına şərait yaradacağına ümid edir. Lakin Kreml tərəfindən verilən ilkin açıqlamalar bu gözləntilərlə üst-üstə düşmür. Rusiya rəsmiləri Ərdoğan–Putin görüşündə S-400-lərin qaytarılması mövzusunun müzakirə edildiyi iddialarını qəti şəkildə təkzib ediblər.
Səkkiz illik böhran
Xatırladaq ki, 2017-ci ildə imzalanan və təxminən 2,5 milyard dollara başa gələn S-400 müqaviləsi həmin dövrdə Türkiyə hakimiyyəti tərəfindən “suverenlik addımı” kimi təqdim olunmuşdu. Lakin 2019-cu ildə təhvil alınan sistemlər NATO infrastrukturu ilə uyğun olmadığı üçün heç vaxt aktiv istifadəyə verilməyib və anbarlarda saxlanılıb.
Bu proses nəticəsində Türkiyə tərəfdaşı olduğu və təxminən 1,25 milyard dollar ödədiyi F-35 qırıcı proqramından 2019-cu ildə rəsmi şəkildə çıxarılıb. Beləliklə, milyardlarla dollar vəsait faktiki olaraq istifadə olunmayan bir sistemə yönəldilib və böhranın iqtisadi tərəfi daha da dərinləşib.
Başlanğıcda “NATO-ya alternativ deyil” arqumenti ilə müdafiə edilən S-400 alışı bu gün Türkiyənin F-35 proqramına qayıtması üçün aradan qaldırılması vacib olan əsas maneə kimi qiymətləndirilir. Müşahidəçilər hesab edirlər ki, S-400-lərin geri qaytarılmasının gündəmə gəlməsi Ankaranın xarici siyasətdə yenidən Qərb və NATO xəttinə yaxınlaşmaq cəhdini açıq şəkildə göstərir.
