İran Prezidenti Məsud Pezeşkian bu gün Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.
İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə telefon danışığında beynəlxalq və regional prosesləri, eləcə də İranda baş verən son hadisələri müzakirə edib. Pezeşkian hökumətin daxili və regional siyasətdə əsas yanaşmasının etnik və məzhəbi birlik və bütövlüyün qorunmasına, milli həmrəyliyin gücləndirilməsinə əsaslandığını bildirib. Regional səviyyədə isə İslam qardaşlığı prinsipi əsasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin və İslam ölkələri ilə əməkdaşlığın artırılmasının hədəfləndiyini vurğulayıb.
Prezident Pezeşkian deyib:
“Ürəkdən inanıram ki, İslam ümməti və İslam ölkələri bir-birinin qardaşıdır. Birlik və ortaq əməkdaşlıqla xalqlarımız üçün təhlükəsiz, inkişaf etmiş və firavan bir bölgə qura bilərik.”
Söhbətin davamında Pezeşkian, vəzifəyə başladığı gündən etibarən ABŞ və sionist rejimin İran xalqına qarşı düşmənçilik mövqeyinin artdığını bildirərək, iqtisadi təzyiqlərə, müharibə təhdidlərinə və son dövrdə ölkədə baş verən hadisələrdə təxribatçı, dəstəkləyici və birbaşa müdaxiləçi rollarına diqqət çəkib. Bu prosesdə çox sayda iranlının və təhlükəsizlik əməkdaşlarının həlak olduğunu, dövlət əmlakına, təcili yardım vasitələrinə, bazarlara və məscidlərə ciddi ziyan dəydiyini qeyd edən Pezeşkian bildirib:
“Onlar bu üsullarla İranı Suriya və ya Liviyaya çevirdiklərini zənn etdilər. Lakin İran xalqının həqiqətini, mahiyyətini və böyüklüyünü tanımadıqlarını bir daha göstərdilər. Xalqımızın şüurlu və güclü şəkildə səhnəyə çıxması onların məqsəd və planlarını puça çıxardı.”
İran Prezidenti son hadisələrdə İran xalqına dəstək göstərən İslam ölkələrinə, xüsusilə də Səudiyyə Ərəbistanına təşəkkür edərək, ABŞ-nin təhdid və psixoloji əməliyyatlarının regionun təhlükəsizliyini hədəfə aldığını və bunun yalnız qeyri-sabitlik yaradacağını bildirib. Pezeşkian deyib:
“İslam ölkələrinin birlik və bütövlüyü bölgədə davamlı təhlükəsizlik, sabitlik və sülhün təminatıdır. Bu baxımdan qardaş İslam ölkələrinin rolu son dərəcə önəmlidir.”
Qərb ölkələrinin İranın gərginliyin azaldılması üçün yenidən danışıqlar masasına qayıtmalı olduğu barədə çağırışlarına da toxunan Pezeşkian bildirib:
“Biz amerikalılarla danışıqlar aparırdıq, lakin bütün dünyanın gözü qarşısında bizə hərbi hücum etdilər. Avropa ölkələri ilə razılığa gəldik, amma bunu pozan və əməl etməyən yenə amerikalılar oldu. Onların anlayışında danışıqlar ‘biz deyirik, siz icra edirsiniz’ deməkdir. Bunun adı dialoq deyil.”
Pezeşkian buna baxmayaraq vurğulayıb ki, İran İslam Respublikası beynəlxalq hüquq çərçivəsində və xalqın hüquqlarını tam nəzərə alaraq, sülhə, sabitliyə və müharibənin qarşısının alınmasına xidmət edən hər cür prosesə açıqdır:
“Bizim istəyimiz haqqın və ədalətin bərqərar olmasıdır ki, dünyanın bütün insanları sülh və əmin-amanlıq içində yaşaya bilsin.”
Səudiyyə Ərəbistanı: İrana qarşı hər cür təhdid və gərginlik qəbuledilməzdir
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da telefon danışığından məmnunluğunu ifadə edərək, regional sabitliyin və təhlükəsizliyin təmin olunması, bölgə ölkələrinin inkişaf və rifaha yönəldilməsi üçün göstərilən səylərin xalqların mənafeyinə xidmət etdiyini bildirib. O, İslam ölkələri arasında birlik və həmrəyliyin Səudiyyə Ərəbistanı üçün də böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Bin Salman həmçinin ölkəsinin İran İslam Respublikasına qarşı hər cür hücum, təhdid və gərginlik cəhdlərini qəbuledilməz hesab etdiyini bildirərək, davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün İran və digər region ölkələri ilə hər cür əməkdaşlığa hazır olduqlarını qeyd edib.
