Beynəlxalq Məhkəmə: “İsrail” UNRWA İşçilərinin HƏMAS-a Bağlılığını Sübut Etməyib

2 Dəq Oxuma Müddəti

Məhkəmə: İsrail UNRWA ittihamlarını sübut edə bilmədi

Beynəlxalq Ədalət Məhkəsi (BƏM) bu gün yaydığı bəyanatda bildirdi ki, İsrail Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) əməkdaşlarının böyük bir qisminin HƏMAS hərəkatına üzv olması barədə iddialarını sübut edə bilməyib.

Məhkəmə bəyan edib ki, təqdim olunan materiallarda “kütləvi şəkildə HƏMAS üzvlüyünü təsdiqləyən heç bir sübut yoxdur”.

BƏM İsrail hökumətini BMT-nin humanitar proqramlarının, o cümlədən UNRWA-nın Qəzzadakı fəaliyyətinə mane olmamağa çağırıb.

Qəzzada aclığın “silah kimi” istifadəsi yasaqlanır

Məhkəmənin bəyanatında vurğulanıb ki, İsrail Qəzza sakinlərinin əsas ehtiyaclarını təmin etməli, ərzaq və tibbi yardımı əngəlləməməlidir.

Qərarda açıq şəkildə bildirilib: “Aclıq bir müharibə vasitəsi kimi istifadə edilə bilməz. İsrail beynəlxalq humanitar hüququn bu prinsipinə tam əməl etməlidir.”

Məhkəmə həmçinin qeyd edib ki, humanitar təşkilatların, xüsusilə də BMT agentliklərinin fəaliyyətinin məhdudlaşdırılması mülki əhaliyə qarşı kollektiv cəza kimi qiymətləndirilə bilər.

HƏMAS: Qərar işğalın yalanlarını ifşa etdi

Məhkəmənin açıqlamasına cavab olaraq HƏMAS bəyanat yayıb və BƏM-in rəyini alqışlayıb. Hərəkat bildirib ki, “məhkəmənin qərarı işğal rejiminin UNRWA-ya qarşı irəli sürdüyü əsassız iddiaları tamamilə puça çıxardı.”

HƏMAS həmçinin vurğulayıb ki, Beynəlxalq Məhkəmənin aclığın silah kimi istifadəsini qadağan edən qərarı İsrailin Qəzzada soyqırım xarakterli siyasət yürütməsini bir daha təsdiqləyir.

BMT qurumlarına qarşı hücumlar davam edir

Xatırladaq ki, Qəzzada müharibə başlayandan bəri BMT-nin onlarla obyekti, xüsusilə UNRWA məktəb və sığınacaqları İsrail bombardmanları nəticəsində dağıdılıb.

BMT məlumatına görə, onlarla UNRWA əməkdaşı İsrailin hava zərbələri nəticəsində həlak olub. Humanitar yardımın qarşısının alınması nəticəsində bölgədə aclıq və xəstəliklər sürətlə yayılır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş