Berlində “Qəzzada Soyqırımı Dayandırın” Aksiyası Keçirildi

2 Dəq Oxuma Müddəti

Berlində minlərlə insan “Qəzzada soyqırımı dayandırın” dedi

Almaniyanın paytaxtı Berlində, İsrailin Qəzzaya hücumlarını və dünyadakı müharibə bölgələrinə silah satışını etirazla pisləmək üçün minlərlə insan küçələrə çıxıb. Tarixi Brandenburq qapısı önündə toplaşan nümayişçilər “Qəzzada soyqırımı dayandırın” şüarı ilə keçirilən sülh aksiyasında iştirak ediblər.

Tanınmış simalar aksiyaya dəstək verdi

Etiraz yürüşünə Sahra Vaagenknecht İttifaqı – Anlayış və Ədalət Partiyasının (BSW) həmsədri Sahra Vaagenknecht, eləcə də məşhur sənətçilər – Diter Hallerforden, Massiv, Bausa və Daniel Aminati qatılıb. İngiltərənin əfsanəvi “Pink Floyd” qrupunun qurucularından Rocer Uoters isə tədbirə videomesaj göndərərək dəstəyini ifadə edib.

Etirazçılar “Bombaya yox, diplomatiyaya bəli”, “İsrailə silah verməyin”, “Soyqırımı dayandırın”, “Fələstin azad olacaq” kimi şüarlar yazılmış plakatlar qaldırıblar.

“Bu, bir məhv müharibəsidir”

Aksiyada çıxış edən Sahra Vaagenknecht, müharibələrə qarşı olduqları üçün yürüşə qatıldıqlarını bildirib. O, 7 oktyabr 2023 hadisələrinə işarə edərək deyib:
“Bunların heç biri Qəzzada yarısı uşaq olan 2 milyon insanın bombalanmasını, aclıq və sürgünlə üz-üzə qalmasını haqlı çıxarmır. Bu, açıq-aşkar məhv müharibəsidir və biz bunu qətiyyətlə pisləyirik.”

Vaagenknecht İsrail ordusunun yardım nöqtələrində insanları atəşə tutduğunu xatırladaraq, “Aclıqdan əziyyət çəkən uşaqlara güllə atmaq barbarlıqdır, buna susmaq olmaz. Bu vəziyyət belə davam etməməlidir,” – deyə əlavə edib.

Almaniyanın tarixi məsuliyyəti

Siyasətçi, Almaniyanın tarixindən düzgün nəticə çıxarmalı olduğunu vurğulayıb:
“Soyqırımlar törədən və qonşu ölkələri hərbi hücumlarla təhdid edən bir hökumətin yanında kor-koranə dayanmaq Almaniya tarixindən çıxarılası dərs ola bilməz. Tarixi dərsləri belə anlayanlar, əslində heç nə başa düşməyiblər.”

“Ukrayna üçün ağlayanlar Qəzzaya da susmamalıdır”

Vaagenknecht Almaniyadakı ikili standartları tənqid edərək deyib:
“Hər müharibə bir cinayətdir, müharibədə ölən hər insan bir faciədir. Kim Ukraynada ölənlər üçün ağlayır, amma Qəzzadakı meyit yığınlarına səssiz qalırsa, onun mərhəməti saxta olur. Əgər dürüstdürsə, orada da səsini qaldırmalıdır.”

O, Almaniya hökumətini İsrailin hücumlarına “şərik” olmaqda ittiham edib və beynəlxalq hüququ pozan dövlətlərə silah satışına son qoyulmasını tələb edib.

İştirakçıların sayı barədə fərqli rəqəmlər

Alman polisi aksiyada 12 min nəfərin iştirak etdiyini açıqlasa da, təşkilatçılar bu rəqəmin 20 min olduğunu bildiriblər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş