BBC: “Trampın iddiası hüquqi baxımdan möhkəm deyil”
Böyük Britaniyanın “BBC” yayım korporasiyası ABŞ prezidenti Donald Trampın qaldırmaq istədiyi böhtan iddiasına sərt reaksiya verib. Şirkətin rəhbəri Samir Şah əməkdaşlarına ünvanladığı məktubda bildirib ki, Trampın irəli sürdüyü ittihamların hüquqi əsası yoxdur və qurum bu iddiaya qarşı qəti şəkildə mübarizə aparacaq.
Şah qeyd edib ki, media orqanı son günlər mümkün məhkəmə prosesi, xərclər və ehtimal edilən razılaşdırmalar barədə çoxsaylı fərziyyələrlə üzləşir. O, BBC-nin ictimai maliyyə ilə fəaliyyət göstərdiyini xatırladaraq, lisenziya haqqı ödəyən Britaniya ictimaiyyətinin hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.
Trampın 5 milyard dollarlıq tələbi
Prezident Donald Tramp cümə günü etdiyi açıqlamada, BBC-yə qarşı 5 milyard dollara qədər təzminat tələb edə biləcəyi iddianı bu həftə içində qaldırma ehtimalının yüksək olduğunu bildirib. Tramp, BBC-nin bir çıxışının montaj olunmuş hissələrini yayımlayaraq, onun 2021-ci il 6 yanvar Kapitoli basqınını təşviq etmiş kimi göstərdiyini iddia edir.
BBC isə bu iddianı rədd edərək, montajın yanlış anlaşılmaya səbəb olduğunu, lakin qəsd olmadığını bildirib. Korporasiya rəhbəri Samir Şahın Trampa şəxsi məktub göndərərək montaj səbəbindən yaranmış narahatlığa görə üzr istədiyi də açıqlanıb.
Sənədli film və daxili araşdırma
Məsələnin kökü BBC-nin “Panorama” proqramı üçün hazırladığı sənədli filmə dayanır. 2024-cü ildə yayımlanan həmin buraxılışda Trampın 6 yanvar 2021-ci il nitqindən üç fərqli hissə birləşdirilərək təqdim edilmişdi ki, bu da onun zorakılığa çağırdığı təəssüratı yaratmışdı. BBC daxilində aparılan araşdırmadan sonra həmin epizodun yenidən yayımlanmayacağı bildirilib.
Hüquq mütəxəssisləri: “İddia zaman məhdudiyyətinə ilişir”
Britaniyalı hüquq ekspertləri qeyd edirlər ki, böhtan iddiaları üzrə hüquqi müddət bir ildir, halbuki sözügedən material 2024-cü ildə yayımlanıb. Bu səbəbdən şikayətin vaxt məhdudiyyəti səbəbilə rədd edilmə ehtimalı yüksəkdir. Bundan əlavə, ekspertlər Trampın nüfuzuna vurulan ziyanın sübut edilməsinin də çətin olacağını vurğulayırlar. Çünki 6 yanvar hadisələri və onunla bağlı sonrakı hüquqi proseslər artıq beynəlxalq səviyyədə geniş işıqlandırılıb.
