Barselona liderliyini möhkəmləndirdi
La Liqanın 19-cu turu çərçivəsində Barselona ilə Atletiko Madrid arasında nəzərdə tutulan qarşılaşma sıx oyun təqvimi səbəbindən daha erkən tarixdə baş tutdu. “Spotify Kamp Nou” stadionunda keçirilən oyunda meydan sahibləri geridən gələrək sonradan inamlı qələbə qazandı.
Atletiko oyunun ilk təhlükəli hücumunu qolla tamamlayan tərəf oldu. Matçın 20-ci dəqiqəsində Baena dəqiq zərbə ilə Madrid təmsilçisini hesabda önə çıxardı. Lakin Barselona çox gözləmədən cavab verdi. Yalnız 6 dəqiqə sonra Rafinya qapıçı ilə üzbəüz epizodu dəqiq tamamlayaraq hesabı bərabərləşdirdi.
Lewandowski penalti zərbəsindən yararlanmadı
36-cı dəqiqədə Dani Olmonun cərimə meydançasında yıxılması Barselonaya penalti qazandırdı. Topun arxasına Robert Levandovski keçdi. Lakin polşalı hücumçunun güclü zərbəsi qapıdan yuxarı keçdi və Kataloniya klubu önə keçmək fürsətini qaçırdı. İlk hissə 1:1 hesabı ilə yekunlaşdı.
İkinci hissədə Barselonanın qələbə golları
Fasilədən sonra Barselona hücumlarının kəsərini artırdı və 65-ci dəqiqədə Dani Olmo yenidən səhnəyə çıxaraq komandasını hesabda önə keçirdi. Atletiko Madrid qalan dəqiqələrdə bərabərlik axtarsa da, müdafiədə böyük boşluqlar verdi. Qarşılaşmaya nöqtəni isə 90+6-cı dəqiqədə Feran Torresin vurduğu qol qoydu və Barselona 3:1 hesablı qələbə ilə meydanı tərk etdi.
Turnir cədvəlində son durum
Bu qələbə ilə Barselona xal ehtiyatını 37-yə yüksəldərək La Liqada liderliyini qorudu. Atletiko Madrid isə 31 xalda qalaraq xal itkisi yaşadı və zirvə yarışında geri düşdü.
