Taksi fəaliyyətinə yeni məhdudiyyət
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, 2025-ci il noyabrın 1-dən etibarən Bakıda taksi avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin sayı 25 000-lə məhdudlaşdırılacaq.
Hazırda paytaxtda təxminən 35 min taksi fəaliyyət göstərir. Yeni limitlə 10 minədək avtomobilin bazardan kənar qalacağı proqnozlaşdırılır.
“Tənzimləmə adı ilə inhisar qurulur”
Ekspertlər hesab edirlər ki, bu qərar sərnişin daşıma bazarında rəqabəti azaldacaq və nəticədə qiymətlərdə ciddi artım müşahidə olunacaq. “Tənzimləmə adı altında taksi sahəsini inhisara alırlar. Bazarda sərnişin sayı taksinin sayını müəyyən etməlidir. İnsanlara əlçatan olan daha bir xidməti, taksi xidmətini onların əlindən alırlar,” – deyə ekspertlər bildiriblər.
Qiymətlər və işsizlik riski
İqtisadçılar vurğulayırlar ki, icazələrin məhdudlaşdırılması nəinki xidmətin bahalaşmasına, həm də minlərlə sürücünün işsiz qalmasına gətirib çıxara bilər. Sürücülərin sözlərinə görə, artıq bəzi taksi şirkətləri qiymətləri qaldırmağa başlayıb və bu, sərnişinlər üçün əlavə yük yaradır.
Alternativ nəqliyyatın yükü artacaq
Mütəxəssislər hesab edir ki, taksilərin azalması metro və avtobuslara tələbatı artıracaq. Lakin şəhərin nəqliyyat infrastrukturu bu artımı qarşılayacaq səviyyədə deyil.
Yeni qərar ictimai müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə istifadəçilər qərarı “bazarın tənzimlənməsi deyil, süni inhisar qurulması” kimi dəyərləndirirlər.
Qərar noyabrın 1-dən qüvvəyə minəcək və bununla da Bakı şəhərində taksi sektorunda ciddi struktur dəyişikliklərinin baş verəcəyi gözlənilir.