Bakıda SSRİ Bayrağı Qaldırmağa Cəhd Edənlər Saxlanıldı

3 Dəq Oxuma Müddəti

Bakıda SSRİ bayrağı ilə yürüş edən şəxslər saxlanıldı

Bakıda keçmiş SSRİ və Azərbaycan SSR bayraqları ilə yürüş keçirməyə cəhd edən şəxslər polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat zamanı Abdulla İbrahimli, İbrahim Əsədli və digər iştirakçılar müəyyən edilərək barələrində cinayət işi başlanıb.

Saxlanılanlar Cinayət Məcəlləsinin 233-cü maddəsi – “ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə fəal iştirak etmə” ittihamı ilə istintaqa cəlb olunublar.

Hadisə sosial şəbəkələrdə SSRİ bayraqları ilə çəkilmiş görüntülərin yayılmasından sonra gündəmə gəlib.

DİN: “Xarici dəstəklə fəaliyyət göstəriblər”

Daxili İşlər Nazirliyi bildirir ki, ilkin istintaq həmin şəxslərin “başqa bir dövlətin dəstəyi və maliyyəsi ilə ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərdiyini və mütəmadi toplantılar təşkil etdiyini” müəyyən edib.

Ofis və yaşayış yerlərinə baxış zamanı “kommunist ideologiyasının təbliğinə yönəlik materiallar, bayraqlar, radikal məzmunlu kitablar, CD-disklər və elektron cihazlar” götürülüb. İstintaq tədbirləri davam edir.

Saxlanılanlardan biri – həkim İbrahim Əsədli – Valeologiya və İnteqrativ Nəbatət Mərkəzinin rəhbəri kimi tanınır.

“Qanunda qadağa yoxdur” – hüquqşünasın mövqeyi

Hüquqşünas Ruslan Əliyev açıqlamasında deyib ki, Azərbaycanda kommunizm ideologiyasının, SSRİ simvollarının və SSRİ bayrağının istifadəsi qanunla qadağan olunmayıb:

“DİN-in açıqlamasından belə çıxır ki, saxlanılanlar sanki radikal və ya terror qrupunun üzvləridir. Halbuki bunun hüquqi əsası yoxdur. SSRİ atributlarının qaldırılması qanunla qadağan deyil. Konstitusiyanın 47-ci maddəsi fikir azadlığını, 49-cu maddəsi isə sərbəst toplaşma azadlığını təmin edir. Beləliklə, həmin şəxslərə qarşı cinayət işi açılması hüquqa zidd addımdır.”

Hüquqşünas əlavə edib ki, saxlanılan şəxslərin həbsi “siyasi dözümsüzlük” nümunəsi kimi qiymətləndirilə bilər.

Dünyada kommunist simvollarına məhdudiyyətlər və Azərbaycan təcrübəsi

Bir çox ölkələr kommunist ideologiyası və simvollarının istifadə edilməsini ya tam qadağan edib, ya da ciddi məhdudiyyətlər tətbiq edir. Məsələn:

  • Ukrayna 2015-ci ildən kommunist partiyaları və simvollarını tam yasaqlayıb,

  • Latviya, Litva və Estoniyada sovet simvolları dekommunizasiya qanunları ilə məhdudlaşdırılıb,

  • Macarıstanda 2013-cü ildən ictimai istifadəsi qadağandır,

  • Çexiyada kommunist ideologiyasının təbliği cinayət sayılır.

Slovakiya və Moldovada da oxşar məhdudiyyətlər mövcuddur.

Azərbaycanda isə kommunizm ideologiyasının və SSRİ atributlarının istifadəsi qanunla məhdudlaşdırılmır, lakin bu mövzular tez-tez ictimai-siyasi mübahisələrə səbəb olur.

SSRİ bayrağı ilə bağlı müzakirələr ilk dəfə deyil

Bu mövzu ölkədə ilk dəfə gündəmə gəlmir. Bu ilin yayında İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov “Georgi lenti” və SSRİ bayrağı ilə tədbirdə iştirak etdiyinə görə vəzifədən azad edilmiş, daha sonra mənimsəmədə ittiham edilərək həbs edilmişdi. O, ittihamları rədd etmiş və tədbirdə müxtəlif bayraqların olduğunu bildirmişdi:

“Azərbaycan bayrağı bizim həmişə başımızın üstündədir”, – deyə o, müsahibəsində demişdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş