Bakıda gizli görüş
18 sentyabr 2025-ci ildə Bakıda İsrail və Suriya rəsmiləri arasında yüksək səviyyəli təhlükəsizlik danışıqları keçirilib. Bu görüş cənub-qərbi Suriyada hərbi və təhlükəsizlik düzəninin yenidən qurulmasına dair mümkün razılaşma istiqamətində diplomatik cəhdlərin davamı kimi qiymətləndirilir.
Məlumata görə, İsrail tərəfindən təqdim edilən plan Suriyanın Dəməşq yaxınlığından İsrail sərhədinə qədər olan ərazilərin üç zonaya bölünməsini nəzərdə tutur. Hər zonada Suriya ordusunun silah və qüvvə yerləşdirməsi fərqli səviyyədə məhdudlaşdırılacaq.
Təklifin mahiyyəti
Plan, İsrail və Misir arasında 1979-cu ildə imzalanan Kemp-Devid sülh müqaviləsinin modelinə əsaslanır. Müqavilədə olduğu kimi, bəzi ərazilərdə ağır silahların və hərbi hissələrin yerləşdirilməsi tam qadağan olunacaq, yalnız polis və daxili təhlükəsizlik qüvvələrinin fəaliyyəti mümkün olacaq. Hətta Suriya hərbi aviasiyasının uçuşlarına da məhdudiyyət qoyula bilər.
Əvəzində İsrail Suriyanın bəzi ərazilərindən mərhələli şəkildə geri çəkilməyə hazır olduğunu bildirib, lakin strateji əhəmiyyətli Cəbelüş-Şeyx (Hərmon dağı) yüksəkliklərində mövcudluğunu saxlamaq niyyətindədir.
Üçtərəfli görüş və yeni təşəbbüslər
Mediada yayılan xəbərə görə, yaxın vaxtlarda Londonda İsrailin strateji məsələlər naziri Ran Dermer, Suriyanın yeni xarici işlər naziri Əsəd əl-Şeybani və ABŞ vasitəçisi Tom Barak arasında üçtərəfli görüş planlaşdırılır.
Bundan başqa, İsrail baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyası çərçivəsində Suriya prezidenti Əhməd əl-Şərə ilə görüş istəyi barədə açıqlama verib. Lakin ekspertlər belə bir görüşün yaxın zamanda baş tutmasını az ehtimal edirlər.
Azərbaycan vasitəçi rolunda
Bu, Bakıda keçirilən ilk belə görüş deyil. İyul və avqust aylarında da İsrail və Suriya rəsmilərinin Azərbaycan paytaxtında gizli görüşlər keçirdiyi barədə xəbərlər yayılmışdı. Eyni zamanda İsrailin Bakıdakı səfiri ilin sonuna qədər daha bir neçə yüksək səviyyəli toplantının keçiriləcəyini açıqlayıb.
İslam həmrəyliyi ilə ziddiyyət
Müşahidəçilər bildirirlər ki, Bakının bu təşəbbüsü İslam həmrəyliyi prinsipinə zidd addım kimi qiymətləndirilə bilər. Çünki hazırda bütün İslam dünyası İsrailin Qəzzada, Qüdsdə və Suriyada apardığı hərbi siyasətə qarşı çıxır. Azərbaycanın vasitəçilik təşəbbüsü isə əksinə, bu rejimə beynəlxalq legitimlik qazandırmaq kimi dəyərləndirilir.
Türkiyə və İranın sərt İsrail əleyhinə mövqeləri fonunda Bakının fərqli xətt izləməsi regiondakı qardaşlıq əlaqələrinə və İslam dünyasının birliyinə zərbə vuracağı barədə xəbərdarlıqlar edilir.