Dron hücumu Çernobildə təhlükəsizlik riskini artırdı
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Ukraynadakı Çernobil Atom Elektrik Stansiyasında radiasiya sızmasının qarşısını almaq üçün inşa edilmiş nəhəng Yeni Qoruyucu Qalxanın fevral ayında baş vermiş dron hücumu nəticəsində ciddi zədələndiyini açıqlayıb. Agentliyin məlumatına görə, hücum zamanı qurğunun xarici metal örtüyündə yanğın yaranıb və struktur artıq əvvəlki kimi əsas təhlükəsizlik funksiyasını yerinə yetirə bilmir.
BAEA-nin ötən həftə tamamlanan ekspert qiymətləndirməsi göstərib ki, konstruksiyanın yalnız məhdud şəkildə müvəqqəti təmiri həyata keçirilib və real təhlükəsizliyin təmin olunması üçün genişmiqyaslı bərpa işlərinə ehtiyac var.
Qrossi: “Nüvə təhlükəsizliyinin tam bərpası üçün səylərimizi davam etdirəcəyik”
Açıqlamada BAEA rəhbəri Rafael Mariano Qrossinin fikirlərinə də yer verilib. O bildirib ki, Agentliyin Çernobil AES-də daimi komanda ilə təmsil olunması stansiyada nüvə təhlükəsizliyinin tam şəkildə bərpasına dəstək məqsədi daşıyır:
“BAEA Çernobil obyektində nüvə təhlükəsizliyini tam şəkildə bərpa etmək üçün əlindən gələni etməyə davam edəcək.”
Qrossi həmçinin Ukraynadakı davam edən hərbi fəaliyyətlərin ölkənin enerji infrastrukturuna, xüsusilə nüvə obyektlərinin fəaliyyətinə ciddi təsir göstərdiyini vurğulayıb.
Zaporojye AES yenidən enerji itkisi yaşadı
Açıqlamada Ukraynanın digər böyük nüvə obyekti olan Zaporejye Atom Elektrik Stansiyası ilə bağlı vəziyyətə də toxunulub. Bildirilib ki, stansiya müharibənin başlanmasından bəri artıq 11-ci dəfə bütün xarici enerji təchizatını müvəqqəti olaraq itirib. Son kəsinti təxminən yarım saat davam edib və daha sonra stansiya 330 kV-luq enerji xəttinə yenidən qoşulub. Lakin 750 kV-luq əsas xətt hələ də fəaliyyətsizdir.
Qrossi qeyd edib ki, gecə saatlarında intensiv hərbi fəaliyyət elektrik şəbəkəsinə ciddi təsir göstərib və bu səbəbdən Ukraynadakı fəaliyyət göstərən digər AES-lər istehsalı azaltmağa məcbur qalıb.
O, nüvə qəzası riskinə diqqət çəkərək bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırıb.
