Bəxtiyar Hacıyev: “Hökumətin Verdiyi 12 min Avronu da Cinayət Gəliri Saydılar”

3 Dəq Oxuma Müddəti

Avropa Məhkəməsinin ödənişi “cinayət gəliri” kimi dəyərləndirilib

Üç ilə yaxındır həbsdə saxlanılan ictimai fəal Bəxtiyar Hacıyev noyabrın 5-də Ali Məhkəmədə keçirilən iclasda çıxış edərək bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarı əsasında Azərbaycan hökumətindən aldığı 12 min avro istintaq orqanı tərəfindən “cinayət yolu ilə əldə edilmiş vəsait” kimi qiymətləndirilib.

Hacıyevin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi həmin vəsaitin müsadirəsinə qərar verib. “Hökumətin mənə Avropa Məhkəməsinin qərarı əsasında ödədiyi pulu belə cinayət gəliri adlandırıblar. Bu, hüquqi absurdur,” – deyə Hacıyev vurğulayıb.

“Ədalət gözləmirəm, amma ümidimi itirməmişəm”

Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub, 2024-cü ilin yanvarında isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı qaçaqmalçılıq, vergidən yayınma və cinayət gəlirlərinin leqallaşdırılması ittihamları irəli sürülüb.

İctimai fəal bu ittihamların hamısını sifarişli və əsassız adlandırıb:

“Apellyasiya məhkəməsində danışmadım, çünki oradan ədalət gözləmirdim. Amma Ali Məhkəmədən, az da olsa, ümidim var.”

O bildirib ki, ilkin mərhələdə ona qarşı “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları irəli sürülüb, sonradan isə bu maddələrə daha ağır ittihamlar əlavə edilib.

Müdafiə tərəfi: “70-dən çox vəsatət təmin edilmədi”

Hacıyevin vəkili Elçin Sadıqov çıxışında aşağı instansiya məhkəmələrinin qərarlarını sərt tənqid edib. Onun sözlərinə görə, müdafiə tərəfi proses boyunca 70-dən çox vəsatət təqdim etsə də, heç biri qəbul olunmayıb:

“Əgər vəsatətlərimiz təmin olunsaydı, Hacıyevin təqsirsizliyi tam sübut edilərdi.”

Sadıqov həmçinin vurğulayıb ki, mülki iddialar və vergi məsələləri üzrə qərarlar hüquqi əsasdan məhrumdur və məhkəmələr siyasi sifarişlə hərəkət edib.

Vergi iddiaları və yeni araşdırma

Dövlət Vergi Xidməti Hacıyev haqqında açılmış cinayət işində zərərçəkmiş tərəf kimi çıxış edir. Qurum 52 min manatlıq mülki iddianın təmin edilməsini tələb edib və Bakı Ağır Cinayətlər Məhkəməsi bu tələbi qəbul edib.

Hacıyevin kassasiya şikayətinə baxan Ali Məhkəmədə prokuror və Vergi Xidmətinin nümayəndəsi əvvəlki qərarların “qanuni və əsaslı” olduğunu bildirərək şikayətin rədd edilməsini istəyiblər.

Məhkəmə iclasına sədrlik edən hakim Ələsgər Novruzov iş üzrə əlavə sübutların araşdırılmasına qərar verib. Ali Məhkəmənin yekun qərarının noyabrın 18-də elan ediləcəyi bildirilib.

Hacıyev: “Bu, təkcə mənim işim deyil”

Bəxtiyar Hacıyev çıxışının sonunda bildirib ki, onun işi təkcə fərdi məsələ deyil, ölkədə hüququn aliliyi və məhkəmə ədalətinin sınağıdır:

“Əgər məhkəmə ədalətli qərar çıxarsa, bu, bütün cəmiyyət üçün ümid işığı olacaq.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş