Milyonlarla manatlıq qaçaqmalçılıq ifşa olundu
Ölkə iqtisadiyyatına ciddi zərər vuran qaçaqmalçılıq və qanunsuz ticarət fəaliyyətlərinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks və ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsində başlanmış bir sıra cinayət işləri üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
İstintaq materiallarına əsasən, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı gömrük postunda, eləcə də limanın özündə uzun müddət mütəşəkkil şəkildə qanunsuz fəaliyyət həyata keçirilib. Məlum olub ki, vəzifəli şəxslər və liman əməkdaşları cinayətkar birlik yaradaraq aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını marka olmadan ölkə ərazisinə keçirməklə məşğul olublar.
Ruslan Eyyubov və digər şəxslərə ağır ittihamlar
İstintaq nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, briqadir Fərrux Haqverdiyev, gömrük postunun rəisi Fərid Usubov və bir sıra gömrük inspektorları cinayət məsuliyyətinə cəlb ediliblər.
Onların Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə tütün məmulatını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdiklərinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qaçaqmalçılıq, aksizsiz məhsulların satışı və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham elan olunub.
Məhkəmənin qərarı ilə Ruslan Eyyubov da daxil olmaqla bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçilib, bəzi şəxslər ev dustaqlığına buraxılıb, istintaqdan yayınanlar isə beynəlxalq axtarışa verilib.
Digər liman və şirkətlər üzrə istintaq genişlənir
Eyni zamanda, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan digər cinayət işi üzrə “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” MMC-lərin və Dövlət Sərhəd Xidmətinin bəzi vəzifəli şəxslərinin qanunsuz əməlləri də ifşa edilib. Bu iş üzrə təxminən 1 milyon manatdan artıq dəyərdə aksizsiz siqaretlərin qeyri-qanuni körpü vasitəsilə ölkəyə gətirildiyi müəyyən olunub.
Qohumluq əlaqələri diqqət çəkir
Qeyd edək ki, saxlanılan Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən general-mayor Həsən Eyyubovun qardaşıdır. Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, hazırda Prezident Katibliyinin rəisi vəzifəsində çalışan general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. Ruslan Eyyubovun eyni zamanda kimya sənayesi sahəsində fəaliyyət göstərən “NB Qrup” şirkətinin rəhbəri olduğu bildirilir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir, cinayətkar birliyin digər üzvlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində iş aparılır. İstintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi açıqlanıb.
