Azərbaycanda Müqaviləsiz İş: Niyə Bitmir?

2 Dəq Oxuma Müddəti

Maaşını ala bilməyən fəhlələr

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin tikintisində çalışan fəhlələr əməkhaqlarının ödənilmədiyini bildiriblər. Layihəni “Z Construction” şirkəti həyata keçirib. Tikintiyə rəhbərlik edən Zaur Məmmədovun sözlərinə görə, 8 nəfər işçi 14 300 manatlıq ödənişini ala bilmir:

“Keçən ilin iyunundan bu günə qədər maaşımız verilməyib. Şirkətin rəhbərinə müraciət etdikdə isə açıq şəkildə deyir ki, hara istəyirsiniz, şikayət edin” – deyə Məmmədov bildirib.

O, məsələ ilə bağlı Heydər Əliyev Fonduna müraciət etsə də, onlar Əmək Müfəttişliyinə yönləndirib. Müfəttişlik isə şirkətin lisenziyası olmadığını əsas gətirərək araşdırma aparmaqdan imtina edib.

Şirkətin mövqeyi

Şirkət rəhbəri Zülfüqar Məmmədov isə ittihamları rədd edir. Onun sözlərinə görə, iş keyfiyyətsiz görüldüyündən ödəniş edilməyib:

“Divarların rəng tonları fərqli idi, iş yararsız vəziyyətdə idi. Ona görə başqa ustalara yenidən düzəltdirdik. Keyfiyyətsiz iş üçün pul ödənmir” – deyə o, bildirib.

Zülfüqar Məmmədov həmçinin işçilərlə əmək müqaviləsi bağlanmadığını da təsdiqləyib.

Ekspert rəyi: gizli iqtisadiyyatın bir hissəsi

Əmək hüquqları üzrə ekspert Sara Rəhimovanın sözlərinə görə, Azərbaycanda müqaviləsiz işə cəlbetmə geniş yayılıb və bu, həm qanun pozuntusu, həm də gizli iqtisadiyyatın göstəricisidir:

“İnzibati Xətalar Məcəlləsinə əsasən, müqaviləsiz işəgötürənlər cərimələnməlidir. Əgər bu hal 10 və daha çox işçiyə aid olarsa, məsələ cinayət işi ola bilər. Amma təcrübədə bu tətbiq olunmur” – deyə Rəhimova bildirib.

Ekspert əlavə edib ki, işçilər çox vaxt hüquqlarını bilmədikləri üçün, bəzən isə işdən çıxarılmaq qorxusundan susurlar.

Statistik mənzərə

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin iyun ayına muzdla işləyənlərin sayı 1 milyon 769,2 min nəfər olub. Bu, ilin əvvəlindən bəri təxminən 10 min azalma deməkdir. İşini itirənlərin əsasən dövlət sektorunda çalışanlar olduğu bildirilir.

Rəsmi rəqəmlərə görə, əmək qabiliyyətli insanların sayı 5 milyondan çox olsa da, rəsmi işsizlərin sayı 282,3 min göstərilir. Müstəqil iqtisadçılar isə bu rəqəmin həqiqəti əks etdirmədiyini, real işsizliyin daha yüksək olduğunu bildirirlər.

Azərbaycanda müqaviləsiz iş təcrübəsi həm işçilərin hüquqlarının pozulmasına, həm də sosial sığorta və vergi ödənişlərinin gizlədilməsinə səbəb olur. Hüquq müdafiəçiləri bu halların yalnız məhkəmə müraciətləri və dövlət orqanlarının ciddi nəzarəti ilə azaldıla biləcəyini bildirirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş