Azərbaycan Qəzzaya hərbi qüvvə göndərməkdən imtina etdi
Azərbaycan beynəlxalq sabitləşdirmə qüvvələri çərçivəsində Qəzzaya hərbi kontingent göndərməkdən imtina edən ölkələr sırasında yer alıb. Məlumatı sionist rejimin “Israel Hayom” qəzeti yayıb.
Xəbərə görə, 17 noyabrda BMT Təhlükəsizlik Şurası ABŞ-ın – Tramp administrasiyasının – planını dəstəkləyən qətnamə qəbul etdikdən sonra Vaşinqton müxtəlif tərəfdaş ölkələrdən Qəzzaya qoşun göndərməyi gözləyirdi. Lakin Bakı açıq şəkildə bildirib ki, tam atəşkəs təmin olunmadan Azərbaycan əsgərinin Qəzzaya göndərilməsi mümkün deyil.
Hazırda bölgədə atəşkəs demək olar ki, təmin olunmadığından Azərbaycan bu missiyaya qoşulmayacağını rəsmi tərəfdaşlarına bəyan edib. “Israel Hayom” qeyd edir ki, qətnamə qəbul edildikdən sonra indiyədək heç bir ölkə Qəzzaya kontingent göndərməyə hazır olduğunu bildirməyib.
“Əsgərlərimizin həyatını riskə ata bilmərik”
Azərbaycan bir neçə həftə əvvəl tərəfdaşlarına çatdırıb ki, Qəzzada gərginlik davam edərkən öz hərbçilərinin həyatını risk altına qoymayacaq. Bu mövqe Bakının beynəlxalq missiyalarda iştirakla bağlı prinsipial yanaşmasını əks etdirir.
İsrail: “HƏMAS silah təhvil vermir, əksinə yenidən silahlanır”
İsraildə keçirilən təhlükəsizlik müşavirəsində rəsmi qurumlar qeyd ediblər ki, HƏMAS silahı təhvil vermir və atəşkəs dövründən istifadə edərək yenidən silahlanmanı gücləndirir.
Baş nazir qatil Benyamin Netanyahu ABŞ rəhbərliyinə bildirib ki, Qəzzada demilitarizasiya tam təmin olunmadan bərpa işlərinin başlanması İsrail üçün qəbuledilməzdir.
Qəzzada vəziyyət qeyri-sabit olaraq qalır
Atəşkəsin tez-tez pozulması bölgədə təhlükəsizliyin təmin olunmasını çətinləşdirir. Bu səbəblə beynəlxalq sabitləşdirmə qüvvələrinin formalaşdırılması prosesi faktiki olaraq dayanıb. Ekspertlər bildirir ki, Qəzzada davamlı sülh təmin edilmədən hərbi missiyanın həyata keçirilməsi real deyil.
Azərbaycanın mövqeyi hazırkı şəraitdə bölgəyə qoşun göndərməyin qeyri-mümkünlüyünü açıq şəkildə ifadə edir.
