Azərbaycan Hərbi Aviasiyasında Yeni Dövr: JF-17-lər Xidmətə Başladı

4 Dəq Oxuma Müddəti

Müdafiə Nazirliyi JF-17-lərin xidmətdə olduğunu təsdiqlədi

Azərbaycan Müdafiə Nazirliyi iyulun 6-da yaydığı videomaterialla Hərbi Hava Qüvvələrinin JF-17 Thunder döyüş təyyarələrini istismara verdiyini ilk dəfə rəsmi şəkildə təsdiqləyib.

Kadrlarda Çin və Pakistanın birgə istehsalı olan iki JF-17 qırıcısının təlim uçuşları zamanı havaya qalxması və eniş etməsi əks olunub. Bu, uzun müddətdir gözlənilən döyüş təyyarələrinin artıq Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olduğunu təsdiqləyən ilk rəsmi görüntülərdir.

Block III versiyası xidmətə qəbul edilib

Hərbi analitik Qay Plopskinin təhlilinə görə, videoda görünən təyyarələr JF-17C Block III modifikasiyasına aiddir.

Onların bort nömrələrinin 24-50124-502 olduğu, hər iki təyyarənin üç əlavə yanacaq çəni ilə təchiz edildiyi və görüntülərdə silah daşımadığı bildirilib.

Təlimlər Nasosnı aviabazasında keçirilir

Müdafiə Nazirliyi bazanın adını açıqlamasa da, müstəqil təhlillər görüntülərin Sumqayıt yaxınlığındakı Nasosnı aviabazasında çəkildiyini göstərir.

“Janes” müdafiə nəşrinin peyk görüntülərinə əsaslanan məlumatına görə, bazada son aylarda genişmiqyaslı yenidənqurma işləri aparılıb və burada 16 yeni təyyarə sığınacağı inşa edilib.

Videoda iki JF-17 ilə yanaşı, daha iki qırıcının da sığınacaqlarda yerləşdiyi görünür. Bu isə bazada göstəriləndən daha çox JF-17 təyyarəsinin olduğunu ehtimal etməyə əsas verir.

Mövcud aviasiya ilə birgə fəaliyyət göstərirlər

“Aviation Week” nəşrinin məlumatına görə, videoda Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus L-39 təlim və Su-25 hücum təyyarələri də yer alır.

Bu, yeni qırıcıların mövcud aviasiya parkı ilə koordinasiyalı şəkildə təlim və əməliyyat fəaliyyətinə cəlb olunduğunu göstərir.

Azərbaycanın ən böyük döyüş təyyarəsi müqavilələrindən biri

Pakistan hökuməti 2024-cü ilin sentyabrında Azərbaycanın 40 ədəd JF-17 Thunder qırıcısı almaq barədə razılığa gəldiyini açıqlamışdı.

Məlumatlara görə, ilkin müqavilənin dəyəri 1,6 milyard dollar olub. Daha sonra sifariş genişləndirilib və 2025-ci ilin iyununda ümumi dəyəri 4,6 milyard dollara çatan yekun razılaşma əldə edilib.

Bu, Pakistan müdafiə sənayesinin tarixində ən böyük ixrac müqaviləsi hesab olunur.

JF-17 Block III Azərbaycan HHQ-nin imkanlarını artıracaq

JF-17C Block III Azərbaycanın uzun illər istifadə etdiyi sovet istehsalı MiQ-29 və Su-25 təyyarələri ilə müqayisədə daha müasir imkanlara malikdir.

Təxminən 14,9 metr uzunluğa və 9,45 metr qanad açıqlığına malik olan qırıcı Rusiya istehsalı RD-93 turboreaktiv mühərriki ilə Mach 1,6 (təxminən 1 910 km/saat) sürət yığa bilir.

Əlavə yanacaq çənləri ilə uçuş məsafəsi 3 400 kilometrdən çoxdur.

Təyyarə KLJ-7A aktiv fazalı radar sistemi ilə təchiz olunub və uzaqmənzilli PL-15E hava-hava raketlərindən istifadə edə bilir. Bu sistem pilotlara Cənubi Qafqazda istifadə olunan bir çox köhnə nəsil qırıcılardan daha uzaq məsafədə hədəfləri aşkarlamaq və məhv etmək imkanı yaradır.

Qərb analoqlarından xeyli ucuzdur

Mütəxəssislərin qiymətləndirməsinə görə, bir JF-17 Block III təyyarəsinin dəyəri təxminən 30 milyon dollar təşkil edir.

Müqayisə üçün, F-16 Block 70/72 qırıcısının qiyməti 60–70 milyon dollar, F-35 beşinci nəsil döyüş təyyarəsinin isə 100 milyon dollardan çoxdur.

Niyə MiQ-35 deyil, JF-17 seçildi?

Məlumatlara görə, Azərbaycan 2021-ci ildə Rusiyanın MiQ-35 qırıcılarını almaq variantını da nəzərdən keçirib.

Lakin son nəticədə seçim Çin və Pakistanın birgə hazırladığı JF-17 Block III modelinin üzərində dayanıb.

Hərçənd bəzi rusiyalı ekspertlər MiQ-35-in sürət, manevr və döyüş yükü baxımından üstün olduğunu bildirirlər, proqramın istehsal problemləri və yüksək qiyməti bu layihənin cəlbediciliyini azaldıb.

Məlumatlara əsasən, 2023-cü ilin sonuna qədər Rusiya Hərbi Hava Qüvvələrinə cəmi 6 ədəd MiQ-35 təhvil verilib ki, onların da əksəriyyəti döyüş hissələrinə deyil, aviaşou qrupuna verilib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş