Azad Edilmiş Ərazilərə Özəl Sərmayə Kəskin Azaldı

3 Dəq Oxuma Müddəti

Ümumi investisiya həcmi azalıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkədə əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmi 21,2 milyard manat olub. Bu göstərici 2024-cü illə müqayisədə 5,6 faiz azalma deməkdir.

Ən böyük azalma işğaldan azad edilmiş rayonlarda qeydə alınıb. Şərqi Zəngəzur iqtisadi rayonunda kapital qoyuluşu 22,1 faiz, Qarabağ iqtisadi rayonunda isə 12,3 faiz azalıb. Müvafiq olaraq, bu bölgələr üzrə investisiyalar 2,2 milyard və 2,8 milyard manat təşkil edib.

Bakı və regionlarda vəziyyət

Bakı şəhərində də investisiya həcmi azalıb. Paytaxta yönəldilən əsas vəsait 11,2 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 10 faiz azalma deməkdir. Buna baxmayaraq, ümumi investisiyaların əsas hissəsi yenə də Bakının payına düşür.

Digər tərəfdən, Gəncə şəhərində MDB Oyunlarına hazırlıq çərçivəsində investisiya artımı müşahidə olunub. Şəhərin infrastrukturunun yenilənməsi üçün 513,7 milyon manat xərclənib ki, bu da əvvəlki illə müqayisədə 4,5 dəfə çoxdur.

Abşeron-Xızı iqtisadi rayonunda investisiyalar 61,4 faiz artaraq 1,2 milyard manata çatıb. Xızı rayonunda xarici sərmayə axını xüsusilə diqqət çəkib. Burada “ACWA Power” şirkətinin 340 milyon dollarlıq külək elektrik stansiyası layihəsi əsas paya sahibdir.

Azad edilmiş ərazilərdə azalma

2025-ci ildə azad edilmiş torpaqlara ümumi investisiya həcmi 5 milyard manatdan çox olub. Bu, 2024-cü illə müqayisədə 1 milyard manat azdır.

Maliyyə Nazirliyinin məlumatına əsasən, həmin rayonların bərpası üçün dövlət büdcəsindən 4,4 milyard manat vəsait ayrılıb. Bunun 84,7 faizi məqsədli bərpa və yenidənqurma xərclərinə yönəldilib.

Lakin özəl sektorun yatırımları azalıb. 2025-ci ildə qeyri-dövlət sektorunun investisiyaları təxminən 600 milyon manat olub. Halbuki 2024-cü ildə bu rəqəm 1 milyard manatı keçmişdi. Nəticədə ümumi kapital qoyuluşunda da azalma müşahidə olunur.

Rayonlar üzrə göstəricilər

2025-ci ildə ən böyük artım Xankəndi şəhərində qeydə alınıb – investisiyalar 4 dəfə artaraq 363,9 milyon manata çatıb. Xocalıda vəsaitlər 3 dəfə artaraq 183,2 milyon manat olub.

Zəngilana 735,7 milyon manat, Ağdərəyə 80,3 milyon manat yönəldilib. Kəlbəcərdə isə 1 milyard manatdan çox investisiya ayrılıb, lakin bu da əvvəlki illə müqayisədə 26,7 faiz azdır.

Laçın və Füzuli rayonlarında investisiyalar 50,2 faiz azalıb. Şuşada isə əsas kapital qoyuluşu 48,4 faiz geriləyərək 382,9 milyon manat təşkil edib. Azalmanın əsas səbəbi 2021–2024-cü illərdə iri infrastruktur layihələrinin tamamlanması ilə izah olunur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş