Qlobal neft bazarında ucuzlaşma proqnozu
Neft bazarında qeyri-sabitlik davam edir. Rusiya və İrana qarşı tətbiq edilən sanksiyalar ticarət axınlarını çətinləşdirir, zəifləyən dünya iqtisadiyyatı isə neftə olan tələbi azaldır. ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) avqust ayı hesabatında neft qiymətləri ilə bağlı proqnozlarını aşağı salıb.
Hesabata görə, Brent markalı neftin orta qiyməti 2024-cü il üçün 67,2 dollar/barel, 2025-ci il üçün isə 51,4 dollar/barel səviyyəsində gözlənilir. 2025-ci ilin son rübündə qiymətlərin 58 dollara qədər enəcəyi, 2026-cı ilin birinci yarısında isə 50 dollar ətrafında qalacağı ehtimal olunur.
EIA bu prosesləri hasilatın artması ilə əlaqələndirir. Avqustun 3-də OPEC+ ölkələri hasilat məhdudiyyətlərinin əvvəlcədən nəzərdə tutulduğundan daha tez aradan qaldırılmasına qərar veriblər. Nəticədə, qlobal hasilatın 2025-ci ilin ikinci yarısında gündəlik 2 milyon barel artacağı proqnozlaşdırılır. Bu artımın yarısını OPEC+, digər hissəsini isə ABŞ, Braziliya, Norveç, Kanada və Qayana təmin edəcək.
Azərbaycan iqtisadiyyatına təsirlər
Neftin qiymətindəki eniş və hasilatdakı azalma Azərbaycanda iqtisadi çətinlikləri dərinləşdirir. Ölkə ixrac gəlirlərinin 86,3 faizi neft-qaz sektorundan asılıdır. Onun 51,7 faizi neftin, 34,6 faizi isə qazın payına düşür.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–iyul aylarında 14,8 milyon ton neft ixrac olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,5 faiz azdır. Dəyər baxımından isə ixracdan əldə edilən gəlir 7,8 milyard dollar təşkil edib və bu, 17,2 faizlik azalma deməkdir.
Azərbaycan, idxal olunan Rusiya və Qazaxıstan nefti ilə balansı qorumağa çalışsa da, sanksiyalar bu prosesi çətinləşdirir. Xüsusilə Türkiyədəki “Star” Neft Emalı Zavodunun Avropa bazarına çıxışının məhdudlaşdırılması Azərbaycan ixracına mənfi təsir göstərir.
Büdcə üçün risklər artır
Hökumət büdcə gəlirlərini neftin 70 dollar/barel qiyməti üzərindən hesablayıb. İlin əvvəlində qiymətlər bu həddən yuxarı olsa da, son aylarda eniş müşahidə olunur. Bu, büdcə proqnozlarının icrasında kəsir riski yaradır.
Bundan başqa, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql olunan neftdə keyfiyyət problemləri də üzə çıxıb. İyul ayında neftin tərkibində çirkləndirici maddələrin aşkarlanması nəticəsində satış həcmləri azalıb. BTC vasitəsilə gündəlik nəql 561 min barel planlaşdırılsa da, faktiki göstərici 423 min barel olub.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2025-ci ilin ilk yarısında boru kəmərləri ilə yükdaşımadan əldə olunan gəlirlər də 2,7 faiz azalaraq 523,5 milyon manat təşkil edib.
Qaz ixracı boşluğu doldurmur
Son illərdə qaz hasilatında artım müşahidə olunsa da, bu, neftdən asılılığı kompensasiya etmir. Qaz ixracının payı 34,6 faizə yüksəlsə də, Azərbaycan iqtisadiyyatının yarıdan çoxu hələ də neft gəlirlərinə bağlıdır.
Ekspertlərin fikrincə, qarşıdakı bir ildə Azərbaycanı ciddi iqtisadi sınaqlar gözləyir. Mövcud şəraitdə illik 23–24 milyard dollarlıq neft gəlirlərini əvəz edəcək alternativ mənbələrə qısa müddətdə nail olmaq real görünmür.