C-130 qəzası: 20 hərbçi həlak oldu
Noyabrın 11-də Türkiyəyə məxsus C-130 tipli hərbi yük təyyarəsi Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstanın Siqnaxi şəhəri yaxınlığında qəzaya uğrayıb. Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, göyərtədə olan 20 hərbçinin hamısı həyatını itirib. Həlak olan heyət üzvləri noyabrın 8-də Bakıda keçirilən hərbi paradda F-16 təyyarələrinə texniki xidmət göstərən qrupun üzvləri idi.
Hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Ərdoğan isə çıxışında “Türkiyə və Azərbaycan eyni ağrını bölüşür” deyə bildirib.
Bu faciə son iki ildə Azərbaycan və regionda baş verən üçüncü böyük hava qəzasıdır.
AZAL təyyarəsinin vurulması: 38 nəfərin ölümü
2024-cü il 25 dekabrda Azərbaycan Hava Yollarına məxsus Embraer 190 tipli sərnişin təyyarəsi Bakıdan Qroznıya uçarkən vurulmuş, daha sonra Qazaxıstanın Aktau yaxınlığında qəzaya düşmüşdü. Qəza nəticəsində 38 nəfər ölmüş, 28 nəfər yaralanmışdı.
İlkin məlumatlar təyyarənin Rusiyanın “Pantsir-S” hava müdafiə sistemi tərəfindən vurulduğunu göstərmişdi. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında görüş zamanı Putin qəzanın “Rusiyanın hava məkanındakı raket partlayışları ilə əlaqəli ola biləcəyini” etiraf etmişdi.
Rəisinin faciəli qəzası: pis hava şəraiti və çətin relyef

2024-cü il mayın 19-da İranın o vaxtkı Prezidenti İbrahim Rəisi, Azərbaycan-İran sərhədində keçirilən görüşdən qayıdarkən Vərziqan bölgəsində helikopter qəzasına düşmüşdü. Helikopter sərt eniş etməyə məcbur olmuş, nəticədə Rəisi də daxil olmaqla bütün sərnişinlər və heyət şəhid olmuşdu. Qəzanın səbəbi kimi çətin dağlıq relyef və əlverişsiz hava şəraiti göstərilmişdi.
C-130 qəzası: texniki nasazlıq, yoxsa “kənar müdaxilə”?
Türkiyəyə aid C-130 təyyarəsinin qəzaya uğrama səbəbi hələlik müəyyən edilməyib. Gürcüstan hökuməti istintaq başladıldığını açıqlayıb.
İlkin rəy texniki nasazlıq ehtimalını önə çıxarır. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, təyyarənin 57 il əvvəl istehsal olunması və qəza günü bir neçə uçuş yerinə yetirməsi bu ehtimalı gücləndirir.
Siyasi analitik Rauf Mirqədirov isə fərqli yanaşma sərgiləyir və qəzanın “kənar müdaxilə nəticəsində baş verməsini istisna etmir”. Onun sözlərinə görə, regionda sabitliyi pozmağa yönəlik cəhdlər bu qəzanın mümkün ssenariləri arasında ola bilər.
Qara qutu tapılıb – dəqiq səbəb araşdırmadan sonra bilinəcək
Türkiyə mətbuatı artıq təyyarənin “qara qutusu”nun tapıldığını yazıb. Ekspertlər qəzanın dəqiq səbəbinin məhz uçuş yazılarının təhlilindən sonra məlum olacağını bildirirlər.
Regionda baş verən ardıcıl hava qəzaları fonunda istintaqın nəticələri xüsusilə diqqətlə izlənilir.
