Tarixi qərar: Azərbaycan və Özbəkistan birgə mundiala ev sahibliyi edəcək
AFFA-nın məlumatına görə, İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə ev sahibliyi edəcəklər. Bu, futbol tarixində ilk dəfə kişilər arasında mundialın Azərbaycanda təşkil olunacağı deməkdir.
AFFA bu nailiyyəti Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin idmana, xüsusilə futbola göstərdikləri diqqət və uğurlu siyasətin nəticəsi kimi qiymətləndirib.
Azərbaycanın futbol tarixi üçün ilk
Bu qərarla Azərbaycanın kişilərdən ibarət milli komandası da ilk dəfə dünya çempionatının final mərhələsində iştirak etmək imkanı qazanacaq. Beləliklə, Azərbaycan futbolu üçün yeni bir səhifə açılacaq.
Xatırladaq ki, U-20 dünya çempionatı 1977-ci ildən bəri iki ildən bir keçirilir. Azərbaycan və Özbəkistan 25-ci mundiala ev sahibliyi edəcək.
Turnirin tarixi qalibləri
İndiyə qədər ən çox çempionluq qazanan ölkə Argentina (6 dəfə) olub. Onu Braziliya (5 dəfə) izləyir. Portuqaliya və Serbiya hərəsi 2 dəfə qələbə qazanıb. Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna isə hərəsi bir dəfə dünya çempionu titulunu əldə ediblər.
Sonuncu mundial 2023-cü ildə Argentinada keçirilib və kuboku Uruqvay yığması qazanıb. Hazırda Çilidə təşkil olunan 24-cü çempionatda isə 24 komanda 6 qrup üzrə mübarizə aparır.
Gənc istedadların kəşf olunduğu turnir
U-20 mundialı hər zaman futbolun gələcək ulduzlarının kəşf olunduğu ən mühüm turnirlərdən biri sayılır. Avropanın aparıcı klubları məhz bu çempionatlardan çıxan gənc istedadlarla güclənərək dünya futboluna damğa vurublar.
Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi 2027-ci il mundialı həm futbolçular, həm də azarkeşlər üçün unudulmaz bir idman bayramı olacağı gözlənilir.