Azərbaycan və Ermənistan Hava Məkanını Qarşılıqlı Açdı

1 Dəq Oxuma Müddəti

Ermənistan baş naziri Nikol Paşinyanın təyyarəsi avqustun 30-da və sentyabrın 6-da beynəlxalq səfərləri zamanı Azərbaycan hava məkanından istifadə edib.

Bu barədə hökumət rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Onun sözlərinə görə, 8 avqustda Vaşinqtondakı sülh danışıqlarından sonra Ermənistan qurumları Azərbaycan tərəfinə müraciət edərək baş nazirin təyyarəsi üçün hava dəhlizi istəyib və buna müsbət cavab alıblar.

Qarşılıqlı etimad addımı

Baqdasaryan bildirib ki, bu fakt bölgədə kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və etimad mühitinin formalaşması baxımından praktik addımdır.

O əlavə edib ki, Azərbaycan təyyarələri də uzun müddətdir əsas ərazi ilə Naxçıvan arasında uçuşlar zamanı Ermənistan hava məkanından istifadə edir.

Aviaşirkətlər də uçuşlara başlayıb

Ermənistanın “Hetq” nəşri yazır ki, artıq bir həftədir hər iki ölkənin aviaşirkətləri qarşılıqlı olaraq bir-birinin hava məkanından istifadə edir. AZAL da Ermənistandan keçməklə uçuşlar həyata keçirir.

Sülh sazişinin fonunda

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını nəzərdə tutur.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, imzalanan sənədlər çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək “Tramp marşrutu”nun 99 illiyə ABŞ-yə verilməsi də razılaşdırılıb. Bununla yanaşı, Vaşinqton hər iki ölkə ilə ayrıca ikitərəfli sənədlər imzalayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş