Siyasi böhran ticarətə necə təsir göstərdi?
2025-ci ildə Azərbaycan-Rusiya münasibətlərində siyasi gərginliklərin dərinləşməsi ticarət əlaqələrinə də müəyyən təsir göstərib. Xüsusilə, 2024-cü ilin dekabrında “AZAL” təyyarəsinin vurulması və 2025-ci ilin iyununda Yekaterinburqda azərbaycanlıların polis əməliyyatı zamanı həyatını itirməsi iki ölkə arasında qarşılıqlı ittihamları artırdı.
Rusiya tərəfindən kompensasiya məsələsinin tam həll olunduğu iddia edilsə də, Bakı bu mövqeyi qəbul etmədi. Üstəlik, Rusiyada Azərbaycan diasporuna məxsus bizneslərə təzyiqlər və həbslər də münasibətləri gərginləşdirdi. Azərbaycan isə cavab addımı olaraq “Sputnik Azərbaycan”ın bağlanması, bəzi Rusiya vətəndaşlarının “casusluq” ittihamı ilə həbsi və “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə reaksiya verdi.
Rəqəmlərdə dalğalı dinamika
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2025-ci ilin yanvar–iyul aylarında Azərbaycan 169 ölkə ilə ticarət aparıb, ümumi dövriyyədə 10,6 faiz payla Rusiya 3-cü yerdə qərarlaşıb.
İlin ilk rübündə göstəricilər artım nümayiş etdirib. Yanvar ayında 330,6 milyon dollar, fevralda 516,2 milyon dollar, martda isə 350,6 milyon dollar dövriyyə qeydə alınıb. Lakin ikinci rübdə göstəricilər 215–300 milyon dollar intervalında dəyişərək əvvəlki dövrlə müqayisədə kəskin azalıb.
Bununla belə, iyul ayında yenidən artım müşahidə olunub. Bu dəyişkənlik ticarət dövriyyəsinin dalğalı strukturunu ortaya qoyur.
İdxal və ixracın strukturu
DGK-nın hesabatına əsasən, 2025-ci ilin yanvar–iyul aylarında Rusiyadan idxal 2,35 milyard dollar olub ki, bu da 2024-cü illə müqayisədə 18,3 faiz artım deməkdir. Bu artım əsasən fevral və iyul aylarında həyata keçirilən neft-qaz alışlarının hesabına təmin olunub.
İxrac göstəriciləri də müsbət olub. Sözügedən dövrdə Rusiyaya ixrac 721,2 milyon dollar təşkil edib, artım faizi 9 olub. Yalnız fevral və aprel aylarında azalma qeydə alınsa da, digər aylarda, xüsusilə may–iyul aylarında ixracın dəyəri əhəmiyyətli dərəcədə artıb.
Ticarət əlaqələrinin davamlılığı
Müşahidələr göstərir ki, iki ölkə arasında siyasi böhran dərinləşsə də, iqtisadi əlaqələr tamamilə dayanmayıb. Moskva Azərbaycan məhsullarına embarqo və ya xüsusi məhdudiyyət tətbiq etməyib. Əksinə, idxalın həcmi artıb, ixrac isə sabit qalıb.
Ekspertlərin fikrincə, idxaldakı kəskin dalğalanmalar əsasən Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyalar və enerji bazarındakı dəyişikliklərlə bağlıdır. Növbəti rüblərdə açıqlanacaq mal qrupları üzrə detallı statistika bu proseslərin real səbəblərini aydınlaşdıracaq.