Azərbaycan Ermənistana Yük Tranzitinə Qoyulan Məhdudiyyətləri Ləğv Etdi

2 Dəq Oxuma Müddəti

Azərbaycan tranzit məhdudiyyətlərini aradan qaldırdı

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı mövcud olan bütün məhdudiyyətləri rəsmən ləğv edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə bəyanatında məlumat verib.

İlham Əliyev bildirib ki, bu qərar regionda sülhün və qarşılıqlı etimadın bərqərar olunmasına yönəlib. Onun sözlərinə görə, Ermənistana ilk tranzit yük Qazaxıstan taxılı olub.

“Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Bu, sülhün artıq yalnız sənədlərdə deyil, həm də praktik həyatda öz əksini tapmasının göstəricisidir,” – deyə Prezident Əliyev vurğulayıb.

“Sülh dövrü artıq başlayıb”

Prezident İlham Əliyev Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxışı zamanı iki ölkə arasında əlaqələrin dərinləşməsi ilə yanaşı, Cənubi Qafqazda yeni siyasi mərhələnin başlandığını qeyd edib.

“Bu gün yeni dövr başlayır – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçib, amma artıq sülh sazişi paraflanıb. Bu, hər iki tərəfin yüksək səviyyədə siyasi iradə nümayiş etdirdiyini göstərir,” – deyə dövlət başçısı bildirib.

Qarabağ münaqişəsindən sülhə doğru

Azərbaycan və Ermənistan arasında münaqişə 1988-ci ildə başlayıb. Uzunmüddətli gərginlik 2020-ci ilin sentyabrında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi ilə yeni mərhələyə keçdi.

Müharibə nəticəsində Azərbaycan Kəlbəcər, Laçın, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarına, eləcə də Xankəndi və digər ərazilərə nəzarəti bərpa etdi.

2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı ilə ölkənin suverenliyi tam bərpa olundu. 15 oktyabrda Qarabağ probleminin rəsmi olaraq sona çatdığını bəyan edildi

Vaşinqtonda paraflanan sülh sazişi

Bu il 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh sazişini paraflayıblar. Sənəd bölgədə qarşılıqlı tanınma, sərhədlərin müəyyənləşdirilməsi və iqtisadi əməkdaşlığın inkişafı kimi maddələri əhatə edir.

Prezident Əliyev həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın sülh prosesindəki rolu “ən yüksək qiymətə layiqdir”:

“Tramp administrasiyası regionda sabitlik və normallaşma istiqamətində mühüm rol oynayıb.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş