“Çox təhlükəli addımdır”
Ayətullah Seyid Əli Sistani İrana qarşı başladılan müharibəni “ən sərt ifadələrlə” pisləyib.
Nəcəfdəki ali dini mərcei bildirib ki, BMT Təhlükəsizlik Şurasından kənar şəkildə başqa bir dövlətə qarşı genişmiqyaslı müharibə qərarı vermək və ya onun siyasi sistemini dəyişməyə çalışmaq beynəlxalq sazişlərə ziddir və “çox təhlükəli presedent” yaradır.
Onun sözlərinə görə, bu addım regional və beynəlxalq səviyyədə ağır nəticələrə səbəb ola bilər, genişmiqyaslı xaos və uzunmüddətli sabitsizlik riski yaradır.
“Ədalətsiz müharibə”
Ayətullah Sistani bəyanatında müharibəni “ədalətsiz” adlandıraraq bütün müsəlmanları və dünyanın azad insanlarını bu addımı qınamağa və İran xalqı ilə həmrəylik göstərməyə çağırıb.
O vurğulayıb ki, davam edən hərbi əməliyyatlar region xalqlarına və digər ölkələrin maraqlarına ciddi zərər verə bilər.
Beynəlxalq ictimaiyyətə çağırış
Nəcəfdəki ali dini rəhbərlik bütün təsirli beynəlxalq tərəflərə və xüsusilə İslam ölkələrinə müraciət edərək müharibənin dərhal dayandırılması üçün səylərin artırılmasını istəyib.
Bəyanatda İranın nüvə proqramı ilə bağlı məsələlərin beynəlxalq hüquq çərçivəsində ədalətli və sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.
Regional təsir ehtimalı
Analitiklər hesab edirlər ki, Nəcəfdən gələn bu mövqe regionda dini və ictimai rəylərə təsir göstərə bilər. İraqda və digər ölkələrdə Ayətullah Sistaninin çağırışları geniş rezonans doğurur.
Hazırda bəyanat beynəlxalq siyasi dairələrdə də diqqətlə izlənilir.
