Ayətullah Seyid Əli Xamenei: İrandakı Problemlərdə Düşmənin Əli Var

3 Dəq Oxuma Müddəti

Etiraz haqlıdır, iğtişaş qəbuledilməzdir

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün səhər saatlarında “12 günlük müharibə şəhidləri”nin ailələri ilə görüşdə ölkədə baş verən son hadisələrə toxunub. O bildirib ki, bazar təbəqəsi tarixən İslam Respublikasına və inqilaba ən sadiq sosial qruplardan biri olub və bu təbəqənin adından sui-istifadə edərək dövlətə qarşı çıxmaq mümkün deyil.

Ayətullah Seyid Əli Xamenei vurğulayıb ki, bazar nümayəndələrinin etirazlarının əsas səbəbi milli valyutanın dəyərdən düşməsi, qiymət sabitliyinin pozulması və biznes mühitində qeyri-müəyyənliyin artmasıdır. Onun sözlərinə görə, tacirlərin “bu şəraitdə işləmək mümkün deyil” deməsi haqlı yanaşmadır və ölkə rəhbərliyi də bu problemi qəbul edir.

Valyuta böhranında düşmən izi

Ayətullah Xamenei xarici valyutanın süni və nəzarətsiz bahalaşmasının təbii proses olmadığını, burada düşmənlərin məqsədli müdaxiləsinin olduğunu deyib. O qeyd edib ki, Prezident və digər yüksək səviyyəli rəsmilər bu problemin həlli üçün müxtəlif tədbirlər görürlər və proses davam edir.

Rəhbər bir daha vurğulayıb ki, bazar etirazları özlüyündə düzgün və əsaslıdır. Lakin bu etirazların arxasında düşmən tərəfindən təhrik olunan və ya muzdlu şəxslərin dayanaraq İslam əleyhinə, İran əleyhinə və İslam Respublikasına qarşı şüarlar səsləndirməsi tamamilə yolverilməzdir.

“Etiraz başqa, iğtişaş başqa”

İnqilabın Rəhbəri bu məqamda açıq şəkildə bildirib: “Etirazla danışmaq olar, amma iğtişaşçı ilə danışmağın faydası yoxdur”. Onun sözlərinə görə, iğtişaş törədənlər qanun çərçivəsində yerində oturdulmalıdır.

Ayətullah Xamenei əlavə edib ki, bəzi qruplar mömin, sağlam və inqilabçı bazar əhalisinin etirazlarından istifadə edərək ölkədə xaos və təhlükəsizlik problemi yaratmaq istəyirlər. Bu cür davranışların heç bir halda qəbul edilə bilməyəcəyini deyib.

Milli birlik və “yumşaq müharibə”yə qarşı ayıqlıq

Rəhbər çıxışında düşmənin əsas strategiyasının fürsətçilik olduğunu bildirib. Onun sözlərinə görə, iman, ixlas və əməl kimi keyfiyyətlər xalqın güc mənbəyidir və məhz bu xüsusiyyətlər şəhid Qasım Süleymanini tarixə çevirdi.

Ayətullah Xamenei “yumşaq müharibə”, şayiə yayımı və psixoloji təzyiqlərə qarşı laqeyd qalmamağın vacibliyini vurğulayıb. O qeyd edib ki, düşmən xalqı ümidsizliyə sürükləmək və milli birliyi zəiflətmək istəyir, lakin İran xalqı dəfələrlə bu cəhdləri boşa çıxarıb.

Ədalət və təqva – idarəetmənin əsası

Görüş 13 rəcəb – İmam Əli ibn Əbu Talibin (ə) mövludu və şəhid Qasim Süleymaninin şəhadətinin ildönümü ilə üst-üstə düşüb. Ayətullah Xamenei çıxışında ədalət və təqvanı ölkənin idarə olunması üçün ən vacib iki zirvə adlandırıb.

O bildirib ki, İmam Əlinin (ə) həyat yolu həm mərhəmət, həm qətiyyət, həm də hikmət üzərində qurulub və bu model bu gün də cəmiyyət üçün ən doğru istiqamətdir.

Şəhidlərin irsi unudulmayacaq

Ayətullah Seyid Əli Xamenei sonda “12 günlük müharibə”də həlak olan bütün şəhidlərin – hərbçilərin, alimlərin və digər fədakar insanların – adlarının tarixdə əbədi qalacağını bildirib. O qeyd edib ki, bu adların mənəvi bərəkətindən cəmiyyət daim faydalanmalıdır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş