Ayətullah Seyid Əli Xamenei: İran xalqının birliyi düşməni məyus etdi
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei televiziya vasitəsilə xalqa müraciət edərək, İran xalqının birliyini “düşmənin başına enən polad yumruq” adlandırdı. O, ölkənin uran zənginləşdirmə texnologiyasından imtina etməsi üçün xarici təzyiqlərə boyun əymədiyini vurğuladı və ABŞ-ın əvvəlcədən nəticəsini diktə etdiyi danışıqları “tamamilə faydasız və zərərli” adlandırdı.
Gənclərin elmi uğurları və milli birlik
Ayəttullah Seyid Əli Xamenei çıxışına təhsil mövsümünün başlanması münasibətilə təbriklə başladı və İran gənclərinin fövqəladə istedadının dəyərləndirilməsini məsul qurumlara tövsiyə etdi. O, İran şagirdlərinin beynəlxalq olimpiadalarda 40 medal, o cümlədən 11 qızıl qazanmasını, həmçinin idmanda son uğurları xalqın gücünün təzahürü kimi qiymətləndirdi.
Rəhbər vurğuladı ki, 12 günlük müharibədə xalqın birliyi düşməni məyus etdi. Komandanların qətlə yetirilməsi və xarici təxribatlara baxmayaraq, iranlılar küçələrə çıxaraq respublikanı müdafiə etdilər. O bildirdi ki, “xalqın birliyi düşmənin planlarını puça çıxardı və bu birlik hələ də möhkəm olaraq qalır”.
Uran zənginləşdirmənin əhəmiyyəti
Ayətullah Xamenei uran zənginləşdirmənin yalnız hərbi deyil, kənd təsərrüfatı, sənaye, səhiyyə və enerji sahələrində də mühüm tətbiqləri olduğunu qeyd etdi. Onun sözlərinə görə, İran bu sahədə dünyada ilk 10 ölkə arasındadır:
“Biz sülh məqsədilə zənginləşdirməni 60%-ə qədər aparmışıq. Bu nailiyyət İran xalqının zəhmətinin nəticəsidir və heç kimə güzəştə gedilməyəcək”.
O, ABŞ-ın İrandan zənginləşdirmədən tamamilə imtina etməyi tələb etməsini “zorakılıq və ədalətsizlik” adlandırdı və əlavə etdi: “İran xalqı belə tələbləri rədd edəcək”.
ABŞ-la danışıqlar mövzusu
Ayətullah Seyid Əli Xamenei ABŞ-la danışıqlar məsələsinə də toxunaraq, bu cür təmasların yalnız “təslimiyyət və milli zəiflik” gətirəcəyini vurğuladı. O, 10 il əvvəl imzalanan nüvə sazişini xatırladaraq, Vaşinqtonun vədlərinə əməl etmədiyini və əksinə, yeni təhdidlər irəli sürdüyünü bildirdi.
“Məcburi danışıqlar heç bir şərəfli xalq tərəfindən qəbul edilmir. ABŞ təcrübədə göstərdi ki, nə sözünə əməl edir, nə də təhdidlərdən əl çəkir. Belə tərəflə oturub masa arxasında danışmaq ölkəyə yalnız zərər gətirir” – deyə Ayətullah Xamenei vurğuladı.
Yeganə çıxış yolu: güclənmək
Ali Rəhbər ölkənin yeganə çıxış yolunu bütün sahələrdə güclənməkdə gördüyünü dedi: “Hərbi, elmi, siyasi və iqtisadi güclənmə baş vermədikcə, düşmən təhdidlərindən əl çəkməyəcək. Güclü olduqda isə heç kəs İrana qarşı çıxmağa cəsarət etməz”.
O, çıxışının sonunda Allaha təvəkkülün və milli həmrəyliyin qorunmasının İranın gələcək inkişafı üçün əsas şərt olduğunu vurğuladı.