Ali rəhbərdən təşəkkür mesajı
Ayətullah Seyid Əli Xamenei İran İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən yürüşlərdə fəal iştirak edən xalqa videomüraciətlə təşəkkür edib.
Ayətullah Seyid Əli Xamenei bildirib ki, İran xalqı geniş və kütləvi iştirakı ilə “düşmənləri məyus edib”. Ayətullah Seyid Əli Xamenei vurğulayıb ki, bəzi qüvvələr İran xalqının geri çəkiləcəyini gözləyirdi, lakin bu gözləntilər puça çıxıb.
“Bu, böyük nailiyyətdir”
Ali rəhbər qeyd edib ki, xalqın meydanlara çıxaraq vahid şüar və vahid mövqe nümayiş etdirməsi böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu iştirak ölkənin qüdrətini, müstəqilliyini və beynəlxalq mövqeyini daha da gücləndirəcək.
Xamenei yürüşləri “böyük nailiyyət” kimi dəyərləndirib və İran xalqının hər zaman İslam Respublikasına dəstək verdiyini bildirib.
Milli birlik çağırışı
Ali rəhbər çıxışında milli birliyin qorunmasının vacibliyini də vurğulayıb. O, birliyin “çox qiymətli sərvət” olduğunu qeyd edərək, bunun hər kəs üçün vəzifə olduğunu deyib.
Ölkə üzrə kütləvi yürüşlər
İranın müxtəlif vilayət və şəhərlərində minlərlə insan inqilabın ildönümünü qeyd etmək üçün küçələrə çıxıb. Yürüşlərdə yüksək vəzifəli rəsmilər də iştirak edib.
İştirakçılar İran və Fələstin bayraqları qaldıraraq hökumətə dəstək şüarları səsləndiriblər.
