Avstraliyada Epşteinə Bənzər Uşaq İstismarı Qalmaqalı Üzə Çıxdı

2 Dəq Oxuma Müddəti

Kvinslenddə genişmiqyaslı istintaq

Avstraliyada uşaq istismarı ilə bağlı ciddi rezonans doğuran yeni qalmaqal üzə çıxıb. Kvinslend ştat polisinin açıqlamasına görə, Meriborou şəhərində yaşayan 27 yaşlı Ethan Börns-Dederer uşaqlara qarşı cinsi istismarla bağlı ümumilikdə 596 cinayət maddəsi üzrə ittiham olunur.

Məlumata əsasən, polis tərəfindən aparılan araşdırmalar zamanı təxminən 23 min uşaq istismarı məzmunlu foto və video material ələ keçirilib. İstintaq orqanları bildirir ki, şübhəli şəxs Avstraliya və digər ölkələrdə yaşayan yüzlərlə uşağı hədəf alıb.

459 uşaq, 15 ölkə və minlərlə material

Polisin yaydığı məlumata görə, Ethan Börns-Dederer ümumilikdə 459 uşağa qarşı cinayətlər törətməkdə şübhəli bilinir. O, uşaqların foto və videolarını çəkərək saxlayıb, həmçinin onları onlayn platformalar vasitəsilə cinsi xarakterli materiallar göndərməyə məcbur edib.

İttiham aktına əsasən, şübhəli şəxsə qarşı irəli sürülən əsas maddələr arasında 244 epizod uşaq istismarı materialının hazırlanması, 163 hal 16 yaşdan aşağı uşaqların “təmin edilməsi” məqsədilə nəqliyyat və çatdırılma xidmətlərindən istifadə, 87 hal isə uşaqlarla onlayn cinsi fəaliyyət yer alır.

Sosial şəbəkələr və oyun platformaları əsas alət olub

İstintaq zamanı müəyyən edilib ki, şübhəli şəxs uşaqlarla əlaqə qurmaq üçün əsasən sosial media və onlayn oyun platformalarından istifadə edib. Polis bu platformaların uşaqlar üçün potensial risk mənbəyi olduğunu bir daha vurğulayıb.

Kvinslend Polis Təşkilatının nümayəndəsi Denzil Klark bildirib ki, istintaq həm milli, həm də beynəlxalq ekspertlərlə koordinasiya şəklində aparılır. Onun sözlərinə görə, hazırda əsas prioritet bütün zərərçəkənlərin müəyyənləşdirilməsidir.

5–15 yaş arası uşaqlar hədəf alınıb

Polisin açıqlamasına görə, Börns-Dederer əsasən 5–15 yaş arası oğlan uşaqlarını hədəf alıb. Hazırda 360 zərərçəkən müəyyən edilib və onların 15 müxtəlif ölkədə yaşadığı bildirilir.

İstismar hallarının 2018–2025-ci illər ərzində baş verdiyi qeyd olunur. Şübhəli şəxs artıq saxlanılıb və yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılması gözlənilir.

Epştein işi ilə müqayisələr

Hadisə ABŞ-da azyaşlılara qarşı fuhuş şəbəkəsi qurmaqda ittiham edilən və məhkəmə prosesi zamanı həbsxanada ölü tapılan milyarder Jeffrey Epştein işi ilə bağlı sənədlərin yenidən gündəmə gəlməsi fonunda baş verib. Analitiklər Avstraliyadakı qalmaqalın miqyasına görə Epştein dosyasına bənzədiyini bildirirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş