Melbourne mərkəzində 100-cü etiraz aksiyası
Avstraliya ictimaiyyəti İsrailin Qəzzəyə davam edən hücumlarına etiraz olaraq 100 həftədir küçələrə çıxır. Bu həftə ölkənin ikinci böyük şəhəri olan Melbourneda keçirilən aksiya ardıcıl etirazların yüzüncüsünə çevrildi. Əyalət Kitabxanasının qarşısında toplaşan minlərlə insan İsrailin hərbi əməliyyatlarının dərhal dayandırılmasını tələb etdi.
“İsrailə sanksiya tətbiq olunmalıdır” çağırışı
Etirazçılar Avstraliya hökumətinin İsrailə qarşı sanksiya tətbiq etməsini tələb ediblər. Onların əlində “İsrail terrorçu dövlətdir”, “Qəzzada soyqırımı dayandırın”, “Sionizm terrorizmdir”, “Uşaqlar ölməsin”, “İsrailə dərhal sanksiya” və “İsrail hər saat bir uşağı öldürür” şüarları yazılmış plakatlar olub.
Jamal Hakim: “Hökumət cinayətlərə ortaq olur”
Aksiyada çıxış edən sabiq Melbourne Bələdiyyə Şurası üzvü Camal Hakim bildirib ki, Avstraliyalılar 100 həftədir ailələri ilə birlikdə, müxtəlif siyasi baxışlardan olan insanlarla sülh şəraitində etiraz edirlər:
“Neçə vaxtdır hökumətimizin mövqeyi dəyişmir. Biz bilirik ki, atılmalı olan addım sanksiyadır. Çünki Avstraliya rəhbərliyi İsrailin cinayətlərinə göz yummaqla dolayısı ilə şərik olur.”
Hakim əlavə edib ki, İsrailə qarşı sanksiyalar artıq təxirə salına bilməz:
“Necə ki, Rusiyaya və müharibə cinayətləri törədən dövlətlərə sanksiya tətbiq olunur, eyni qayda İsrailə də şamil edilməlidir. Avstraliyanın indi bu addımı atmasının vaxtıdır.”
Təhlükəsizlik tədbirləri gücləndirildi
Melbourne polisinin ciddi təhlükəsizlik tədbirləri gördüyü nümayiş təxminən üç saat davam edib. Ölkənin digər böyük şəhərlərində də oxşar etiraz aksiyaları təşkil olunub. Avstraliyalıların bu davamlı nümayişləri beynəlxalq aləmdə də diqqətlə izlənilir.