Avropa Ravvinləri Konfransı Bakıda baş tutmayacaq
Avropa Ravvinləri Konfransı (CER) gələn ay Bakıda keçirilməsi nəzərdə tutulan toplantının ləğv olunduğunu açıqlayıb. Rəsmi məlumatda tədbirin təhlükəsizliklə bağlı səbəblərə görə baş tutmayacağı bildirilib.
3–6 noyabr tarixlərində keçirilməsi planlaşdırılan konfransda Avropa, İsrail, ABŞ və digər ölkələrdən ümumilikdə
600-ə yaxın nümayəndənin iştirakı gözlənilirdi. Toplantıya ravvinlər, dini liderlər, siyasətçilər və ictimai xadimlər qatılmalı idi.
Tədbirdə İsrailin baş ravvinləri David Yosef və Kalman Ber, eləcə də hökumət təmsilçiləri — diaspor və antisemitizm məsələləri üzrə nazir Amixay Şikli və irs məsələləri üzrə nazir Amixay Eliyahu iştirak etməli idilər.
“Müsəlman ölkəsində ilk irimiqyaslı ravvinlər görüşü”
Avropa Ravvinləri Konfransı bu ilin əvvəlində yayılan bəyanatında tədbiri “müsəlman ölkəsində keçiriləcək ilk genişmiqyaslı ravvinlər toplantısı” kimi təqdim etmişdi. Bəyanatda qeyd olunurdu ki, konfrans “krizis, münaqişə və dezinformasiya dövrlərində belə əməkdaşlıq, qarşılıqlı hörmət və ortaq dəyərlərin mümkünlüyünü nümayiş etdirən canlı nümunədir”.
Toplantı Azərbaycan hökumətinin dəvəti ilə təşkil olunmalı idi və müasir dövrdə yəhudi icmalarının qarşılaşdığı problemlər, həmçinin onların sosial və mədəni inkişaf perspektivləri müzakirə edilməli idi.
Tədbirin gələcək tarixi bəlli deyil
Hazırda konfransın təhlükəsizlik baxımından hansı səbəblərə görə təxirə salındığı açıqlanmayıb. CER tərəfindən yayılan məlumatda tədbirin başqa tarixdə keçirilib-keçirilməyəcəyi barədə də əlavə açıqlama verilməyib.
Ekspertlərin fikrincə, tədbirin ləğvi regional gərginliklə və təhlükəsizlik risklərinin artması ilə əlaqəli ola bilər. Bununla belə, Avropa Ravvinləri Konfransının yaxın zamanda yeni qərar açıqlayacağı gözlənilir.
