47 milyon avropalı evini isidə bilmir
Belçikanın paytaxtı Brüsseldə keçirilən “Avropa Regionları və Şəhərləri Həftəsi” çərçivəsində təqdim olunan “2025-ci ildə Avropa Regionlarının və Şəhərlərinin Vəziyyəti” adlı hesabat qitədə enerji bərabərsizliyinin dərinləşdiyini üzə çıxarıb.
Avropa Komitəsi tərəfindən hazırlanan hesabatda bildirilir ki, Avropa Birliyi (AB) ölkələrində təxminən 47 milyon insan evini lazımi qədər isidə bilmir. Son beş ildə enerji yoxsulluğunun kəskin artdığı qeyd olunur. Əsasən kənd yerlərində və aşağı gəlirli təbəqələr arasında enerji xərclərinin “sosial böhran” səviyyəsinə çatdığı vurğulanır.
“Enerji keçidi ədalətli olmalıdır”
Hesabatda iqlim siyasətinin həyata keçirilməsində regionların və bələdiyyələrin əsas rol oynadığı bildirilir. AB-də iqlim dəyişikliyi ilə bağlı tədbirlərin 70 faizinin, uyğunlaşma siyasətlərinin isə 90 faizinin məhz yerli orqanlar tərəfindən həyata keçirildiyi qeyd olunur.
Lakin 2028–2034-cü illəri əhatə edən yeni büdcə dövründə AB fondlarının milli səviyyədə mərkəzləşdirilməsi planı bələdiyyələrin səlahiyyətlərini zəiflətmək riski daşıyır. Hesabatda bu yanaşmanın “enerji və iqlim siyasətlərinin yerli səviyyədə həyata keçirilməsini təhlükə altına sala biləcəyi” xəbərdarlığı edilib.
“Adil keçid” çağırışı
Enerji keçidinin yalnız texnoloji deyil, həm də sosial ədalət məsələsi olduğu vurğulanır. Hesabatda qeyd olunur ki, AB-də ev təsərrüfatlarının 10 faizindən çoxu gəlirlərinin 40 faizini yaşayış və enerji xərclərinə sərf edir. Bu isə enerji yoxsulluğunun artıq sistemli sosial problemə çevrildiyini göstərir.
Yerli idarəetmələr “təmiz enerji keçidi”nin daha ədalətli formada həyata keçirilməsi üçün konkret təkliflər irəli sürüblər. Onlar icazə prosedurlarının rəqəmsallaşdırılması və sürətləndirilməsi, kənd yerlərində enerji agentliklərinin yaradılması, həmçinin texniki kadr dəstəyinin artırılması kimi tədbirlərin vacibliyini vurğulayıblar.
İrəliləyiş nümunələri və çağırışlar
Hesabatda Fransanın Oksitaniya regionunda 1 milyard avroluq “hidrogen dəhlizi” layihəsi və İspaniyanın Andalusiya bölgəsində kənd təsərrüfatı sahələrinin yarısının təkrar emal olunmuş sularla suvarılması kimi nümunələr yerli səviyyədə “yaşıl keçid”in potensialını nümayiş etdirən uğurlu layihələr kimi təqdim olunub.
Bununla belə, sənəddə mövcud maliyyə mənbələrinin yetərli olmadığı, xüsusilə Şərqi və Cənubi Avropa ölkələrinin elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlama infrastrukturu və ixtisaslı işçi qüvvəsi çatışmazlığı ilə mübarizə apardıqları vurğulanır.
“Brüsselin deyil, regionların gücü önəmlidir”
Hesabatın yekun nəticəsinə görə, Avropanın enerji dönüşümündə ən zəif həlqə yerli idarəetmə potensialıdır. Mütəxəssislər hesab edirlər ki, iqlim neytrallığı hədəflərinə çatmaq üçün yalnız Brüsselin deyil, şəhərlərin və regionların da gücləndirilməsi zəruridir.