AB-dən e-ticarətə yeni gömrük qərarı
Avropa İttifaqı (Aİ) ölkələri 1 iyul 2026-cı ildən etibarən AB-yə üzv olmayan ölkələrdən internet üzərindən edilən və dəyəri 150 avrodan aşağı olan sifarişlərə 3 avro məbləğində sabit gömrük rüsumu tətbiq etmək barədə razılığa gəlib. Qərar Brüsseldə keçirilən AB Şurasının iclasında üzv ölkələrin maliyyə nazirləri tərəfindən qəbul edilib.
AB Şurasının yaydığı açıqlamada bildirilir ki, əsasən elektron ticarət yolu ilə AB bazarına daxil olan kiçik bağlamalar üçün nəzərdə tutulan bu rüsum 2026-cı ilin yayından qüvvəyə minəcək. Qeyd olunur ki, söhbət dəyəri 150 avrodan az olan məhsullardan gedir.
Mövcud sistem ləğv edilir
Hazırda AB-yə üzv olmayan ölkələrdən göndərilən 150 avrodan aşağı dəyərə malik məhsullar gömrük rüsumundan azaddır. Lakin Birlik rəsmiləri hesab edir ki, bu vəziyyət AB daxilində fəaliyyət göstərən satıcılar üçün ədalətsiz rəqabət mühiti yaradır.
Açıqlamada vurğulanır ki, gömrük rüsumundan azadolma həm istehlakçılar üçün sağlamlıq və təhlükəsizlik risklərinə, həm də fırıldaqçılıq hallarının artmasına və ətraf mühitlə bağlı problemlərə yol açır. Yeni rüsumun tətbiqi bu risklərin azaldılmasını hədəfləyir.
E-ticarət axınının 93 faizi əhatə olunacaq
AB Şurasının məlumatına görə, yeni tətbiq ediləcək 3 avroluq gömrük rüsumu AB-yə yönələn bütün e-ticarət axınının təxminən 93 faizini əhatə edəcək. Bu rüsum AB-nin “İdxal üçün Tək Pəncərə Sistemi”ndə (IOSS) əlavə dəyər vergisi baxımından qeydiyyatdan keçmiş, lakin AB xaricində fəaliyyət göstərən satıcılara aid bütün məhsullara şamil olunacaq.
Bildirilir ki, bu qərar müvəqqəti xarakter daşıyır və gömrük rüsumu azadolma həddinin tamamilə ləğvini nəzərdə tutan daimi razılaşma qüvvəyə minənədək tətbiq ediləcək. Həmin mərhələdə isə 150 avrodan aşağı olan bütün məhsullar fərdi qaydada AB-nin ümumi gömrük tariflərinə uyğun şəkildə rüsumlandırılacaq.
Çin mənşəli platformalar diqqət mərkəzindədir
Qeyd edilir ki, 2024-cü ildə AB-yə göndərilən 150 avrodan aşağı dəyərdə olan e-ticarət bağlamalarının 91 faizi Çindən daxil olub. Xüsusilə Temu, AliExpress və Çində yaradılmış Shein kimi platformalar üzərindən edilən alış-verişlər Birliyin diqqət mərkəzindədir.
AB Komissiyası uzun müddətdir ki, bu platformalar vasitəsilə həyata keçirilən satışlara əlavə vergi və tənzimləyici mexanizmlər tətbiq etmək üzərində çalışırdı. Məlumata görə, ötən il AB-yə təxminən 2 milyard bağlama gömrük rüsumu tətbiq edilmədən daxil olub.
Yeni qərarın e-ticarət bazarında balansı bərpa edəcəyi və AB daxilindəki satıcıların mövqeyini gücləndirəcəyi gözlənilir.
