Avropa Mərkəzi Bankı Avronun Sürətli Möhkəmlənməsindən Narahatdır

2 Dəq Oxuma Müddəti

Avropa Mərkəzi Bankının (AMB) rəsmiləri avronun sürətlə dəyər qazanmasının, inflyasiyanı 2 %-də sabit saxlama səylərini poza biləcəyindən narahatdır. ABŞ Prezidenti Donald Trampın ticarət siyasətlərinin təsiri ilə dollara olan etimad azalarkən, avro bu il əsas ehtiyat valyutasına qarşı təxminən 14 % möhkəmlənib.

Hazırkı möhkəmlənmə inflyasiyanın AMB hədəfinə uyğun səviyyədə saxlanmasına kömək etsə də, risk ondan ibarətdir ki, avronun davamlı qalxışı inflyasiyanı hədəfin altına sala və Avropa ixracatçılarının rəqabət qabiliyyətinə zərər verə bilər. Valyuta artıq son 20 ildən çox müddətdə ən uzun qalibiyyət seriyasının astanasındadır. Bu məsələ Portuqaliyanın Sintra şəhərində keçirilən AMB-nin illik toplantısında da müzakirə olunub.

AMB-nin vitse-prezidenti Luis de Guindos, euro/dollar məzənnəsinin 1,20-nin üzərinə qalxmasının problem yaradacağı barədə xəbərdarlıq edib:
“Bu səviyyəyə qədər müəyyən qədər gözardı edə bilərik, amma ondan yuxarısı çox daha mürəkkəb olacaq.”

AMB baş iqtisadçısı Filip Leyn isə CNBC-yə açıqlamasında deyib:
“Xüsusilə Avropalı, eyni zamanda qlobal investorlar avroya doğru balans dəyişikliyi yaşayırlar. İndiyədək gördüklərimiz qalıcı görünür, amma əlbəttə, bundan sonra nə olacağını gözləməliyik.”

ING bankının makroiqtisadiyyat rəhbəri Karsten Brzeski isə qeyd edib:
“AMB rəsmiləri hələ bunu etiraf etmək istəmirlər, amma güclü avro getdikcə daha ciddi narahatlıq mənbəyinə çevriləcək. Avronun daha da güclənməsi yalnız deflyasiya təzyiqini artırmayacaq, həm də artıq çətinlik içində olan ixrac sektoruna zərər vurmaq riski daşıyacaq və bu da faiz endirimlərini əsaslandıra bilər.”

Sintra panelində çıxış edən AMB prezidenti Kristin Laqard isə valyuta məzənnəsi ilə bağlı şərh verməkdən yayınaraq, 2025-ci ilin dollar üçün həlledici il ola biləcəyini söyləyib:
“Bu, bir gecədə baş verməyəcək, tarixdə də belə olmayıb. Amma açıq-aşkar nəsə pozulub. Bu vəziyyətin düzələcəyi, yoxsa davam edəcəyi hələ ki, bəlli deyil.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş