az.rasthaber.com xəbər verir ki, 31 avqust 2025-də Avropa İttifaqının Gürcüstana verdiyi səkkiz maddəlik ultimatumun müddəti sona çatdı. Brüssel, “xarici agentlər” qanununun ləğvi, LGBT təbliğatına qoyulan qadağanın aradan qaldırılması və həbsdə olan müxalifət liderlərinin azadlığa buraxılmasını tələb etmişdi. Əks halda, Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin ləğv olunacağı ilə hədələnmişdi.
Tbilisi isə Avropa Komissiyasına yalnız texniki hesabat təqdim etməklə kifayətləndi və əsas tələbləri görməzdən gəldi. Baş nazir İrakli Kobaxidze açıq şəkildə bildirib ki, “ailə dəyərləri qanununun” ləğvi qeyri-mümkündür. Hakim “Gürcü Arzusu” partiyası isə milli maraqların müdafiəsini prioritet elan edib.
Eyni zamanda, Tbilisi məhkəməsi xarici maliyyələşən yeddi QHT-nin hesablarını dondurub. Gürcü rəsmiləri həmin təşkilatların zorakı etirazların və hakimiyyət dəyişikliyi cəhdlərinin təşkilində rol oynadığını iddia edir.
Buna cavab olaraq, Aİ sərt bəyanat yayaraq Gürcüstan hökumətindən qərarın dərhal ləğvini tələb edib və QHT-lərin hüquqlarını məhdudlaşdırmağı “əsas demokratik dəyərlərə zidd” adlandırıb.
Rəsmi Tbilisi isə ultimatumları “Avropa çevrilişi”nin diktəsi kimi qiymətləndirir. Hakimiyyət bildirir ki, Qərb yönümlü müxalifət 4 oktyabr 2025-də keçiriləcək yerli seçkiləri “inqilab” cəhdi üçün fürsətə çevirmək niyyətindədir.
Analitiklər hesab edirlər ki, vizasız rejimin dayandırılması Gürcüstan cəmiyyətində kütləvi etiraz yaratmayacaq. Çünki son illərdə işsizlik azalıb və Avropaya miqrasiya əvvəlki qədər aktual deyil.
Brüsselin vizasız rejimi dayandırmaq proseduru isə mürəkkəb və uzunmüddətlidir: əvvəlcə bir il, sonra daha iki il dayandırıla bilər və yalnız üç ildən sonra tam ləğv mümkündür. Bu müddət ərzində isə beynəlxalq vəziyyət tamamilə dəyişə bilər.